Naxçıvan Dövlət Kukla Teatrı Sədərək rayonunda “Özgəyə quyu qazan” adlı tamaşa ilə çıxış edib.
Tamaşa məktəblilər tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin əvvəlində teatrın direktoru Səyyad Məmmədov səhnəyə çıxaraq tamaşaçıları salamlayıb, kollektivin bölgələrdə mütəmadi çıxışlarının əsas məqsədinin uşaqlarda mənəvi dəyərlərin formalaşdırılması, xeyirxahlıq və ədalət anlayışlarının aşılanması olduğunu vurğulayıb. O bildirib ki, repertuarda yer alan “Özgəyə quyu qazan” tamaşası dostluq, düzlük və ibrətamiz nəticə xətti ilə seçilir.
Tamaşa canlı səhnə həlli, maraqlı dekorasiya və kukla obrazlarının dinamik oyunu ilə balaca tamaşaçıların böyük rəğbətini qazanıb. Əsərin əsas ideyası – başqasına pislik düşünənin sonda öz əməlinin nəticəsi ilə üzləşməsi – uşaqlara təsirli və yaddaqalan formada təqdim olunub.
Sonda tamaşaçılar kollektivə alqışlarla təşəkkür edib, aktyorlarla xatirə şəkilləri çəkdiriblər. Sədərəkdə baş tutan bu mədəni tədbir bölgədə teatr sənətinə olan marağın artdığını bir daha nümayiş etdirib.