
Oktyabrın 11-də M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası keçirilib. Premyerada şəhid ailələrinin üzvləri və teatrsevərlər iştirak ediblər.
Tamaşa Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri Jalə Cəfərovanın danışdığı real hadisələr əsasında hazırlanıb. Səhnə əsərində 1997-ci ilin aprelində Xocavənd istiqamətində hərbi tapşırıqdan qayıdarkən düşmən mühasirəsinə düşən kəşfiyyat qrupunun yaşadığı hadisələr və göstərdiyi qəhrəmanlıq əks olunub.
Tamaşanın quruluşçu rejissoru Səyyad Məmmədov, rejissor assistenti Mənsurə Hümbətova, musiqi tərtibatçısı Əli Məmmədov, quruluşçu rəssamı Ruqiyyə Rüstəmovadır.
Rolları İlqar Babayev, Sənan Abutalıbov, Fikrət Qənbərli, Nurlan Qafarzadə, Sadiq Əliyev, Nurlan Sultanlı, İlham Babayev və İbad Nəbiyev canlandırıblar.
Premyera tamaşaçıların alqışları ilə qarşılanıb. Sonda Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri Jalə Cəfərova tərəfindən aktyorlara təşəkkürnamə və plaketlər təqdim olunub.
