
Sentyabrın 14-də Naxçıvan Dövlət Kukla Teatrında yeni teatr mövsümünün açılışı və teatrın yaradılmasının 37-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə mədəniyyət və incəsənət nümayəndələri, teatr kollektivi, media təmsilçiləri və teatrsevərlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov açıb. Direktor çıxışında teatrın 37 illik fəaliyyət yolundan, kollektivin yaradıcılıq uğurlarından və qarşıda duran vəzifələrdən danışıb.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət və təhsil müəssisələri ilə iş sektorunun müdiri Şamil İbrahimov kollektivə yeni mövsümdə uğurlar arzulayıb.
Sonra tədbir bədii hissə ilə davam edib, “Özgəyə quyu qazan” tamaşası nümayiş olunub.Tamaşada yaxşılıq və pislik, ədalət və dürüstlük kimi dəyərlər sadə və maraqlı süjet xətti ilə tamaşaçılara çatdırılıb. Səhnə əsəri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
