Naxçıvan Dövlət Kukla Teatrının quruluşçu rəssamı Ədalət Quliyevin 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdən əvvəl yubilyarın uzunillik yaradıcılıq yolunu əks etdirən əl işlərindən ibarət sərgi təşkil olunmuş, iştirakçılar sərgini böyük maraqla izləyərək Ədalət Quliyevin sənət dünyasına yaxından nəzər salmışlar.
Tədbiri giriş sözü ilə teatrın direktoru Səyyad Məmmədov açaraq yubilyarı səmimi qəlbdən təbrik etmiş, onun teatrın inkişafında göstərdiyi xidmətləri xüsusi vurğulamış, möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulamışdır.
Ardınca çıxış edən Xalq artisti Kamran Quliyev, Xalq artisti Şirzad Abutalıbov, eləcə də rəssamın ailə üzvləri Ramiz Qurbanov və Emil Səmədov Ədalət Quliyevin sənətə bağlılığından, zəhmətkeş və yaradıcı fəaliyyətindən bəhs etmiş, onun quruluş verdiyi səhnə tərtibatlarının teatr tamaşalarına gətirdiyi estetik gözəllik və rəngarəngliyi yüksək qiymətləndirmişlər. Çıxış edənlər, həmçinin, yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildirmişlər.
Tədbirin gedişində Ədalət Quliyevin yaradıcılıq fəaliyyətinə həsr olunmuş maraqlı səhnəcik təqdim edilmiş, onun sənət yolu, səhnə mədəniyyətinə verdiyi töhfələr və teatrın yaradıcı mühitindəki xüsusi rolu bir daha diqqət mərkəzinə çəkilmişdir.
Sonda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı yubilyarı təbrik etmiş, Nazirliyin Fəxri Fərmanını Ədalət Quliyevə təqdim etmişdir.
Tədbirin yekununda teatrın direktoru Səyyad Məmmədov yubilyarı bir daha təbrik edərək, teatrın baş rəssamı əməkdar rəssam Rafael Qədimov tərəfindən çəkilmiş portreti Ədalət Quliyevə təqdim etmiş, onun teatrın sənət tarixində iz qoyan xidmətlərini yüksək qiymətləndirərək Fəxri Fərmanla təltif etmişdir.