Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov bildirib ki, muxtar respublikada uşaqların asudə vaxtının səmərəli təşkilində, onların vətənpərvərlik ruhunda tərbiyəsində Kukla Teatrı mühüm rol oynayır.
Qeyd olunub ki, bu günədək Kukla Teatrında 90-a yaxın tamaşa hazırlanıb. Teatrın səhnəsindən təqdim edilən əsərləri balaca teatrsevərlər maraqla izləyiblər. Nazir müavini diqqətə çatdırıb ki, Kukla Teatrı ötən əsrin 90-cı illərindən etibarən həm ölkənin müxtəlif bölgələrində, həm də xarici ölkələrdə qastrol səfərlərində olub. Kukla Teatrının Türkiyə və İran İslam Respublikalarında qastrol səfərlərində olması, Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən “Kuklaların fantaziyası” adlı Beynəlxalq Kukla Teatrları festivallarında, Çuvaşiya Respublikasının Çeboksarı şəhərində “Nağıllar karuseli” adlı V Bey¬nəlxalq Kukla Teatrları Festivalında və “Biz hamımız eyni olmağa məc¬bur deyilik” adlı teatr-forumda Naxçıvanı, eləcə də ölkəmizi yüksək səviyyədə təmsil etməsi muxtar respublikanın mədəni əlaqələrinin inkişafına dəyərli töhfə verib.
Həsən Seyidov Kukla Teatrının yaradılmasının 35 illik yubileyi münasibəti ilə teatrın kollektivini təbrik edib, bundan sonrakı fəaliyyətlərində yaradıcılıq uğurları arzulayıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının əməkdaşı Ramiz Orucəliyev, Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, teatrın direktoru Şirzad Abutalıbov, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnsitutunun aparıcı elmi işçisi, dosent Ələkbər Qasımov və Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov çıxış etmiş, teatrın kollektivini təbrik edərək onlara uğurlar arzulayıblar.
Sonda Aleksey Tolstoyun “Buratino”nun macəraları əsəri əsasında hazırlanmış “Buratino” tamaşası nümayiş olunub.