
Sentyabrın 19-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının 144-cü mövsümü Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı əsəri əsasında hazırlanmış “Pəri cadu” tamaşası ilə açılıb.
Tamaşanı Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov, nazirlik aparatının əməkdaşları, incəsənət və ictimaiyyət nümayəndələri izləyiblər.
Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Araz Xudiyev, musiqi tərtibatçısı Əfsanə Şirəliyeva, rejissor assistenti isə Leyla Yaqubovadır.
Müasir teatr estetikasına uyğun hazırlanan səhnə əsərində Əməkdar artistlər Behruz Haqverdiyev, Günay Qurbanova, Zəminə Məmmədova, Əlizamin Abbasov, İsmayıl Mirzəcanov, Anar Eyvazov, Şölə Alışova, Xəlil Hüseynov, Zakir Fətəliyev, Cəbrayıl Nəbiyev, Zülfiyyə Zeynalova, Ləman Vəlizadə, Ələsgər Quliyev və digər aktyorlar rol alıblar.
Yeni mövsümün ilk səhnə təqdimatı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb
