İyunun 6-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə karyera sərgisinin açılış tədbiri keçrilib.
Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində təşkil olunan sərgidə incəsənət fakültəsinin rəqs kollektivi sərgi iştirakçılarını maraqlı ifa ilə qarşılayıblar.
Universitetin rektoru Elbrus İsayev sərginin təşkilinə göstərdikləri dəstəyə görə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi və Nazirlər Kabinetinə, eləcə də sərgidə fəal iştiraklarına görə digər dövlət qurumlarına və özəl təşkilatlara təşəkkürünü bildirib.
Elbrus İsayev bildirib ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümündə keçirilən sərginin məqsədi gənclərin dövlət və özəl sektorda ixtisasına uyğun işlə təminatını asanlaşdırmaq və etibarlı kadr təminatı yaratmaqdır. Bu baxımdan sərginin universitet məzunları üçün yaxşı bir fürsət olduğunu bildirən rektor diqqətə çatdırıb ki, Naxçıvan Dövlət Universitetinin bu günədək 40 minə yaxın məzunu olub. Onların 75 faizindən çoxu ixtisasına uyğun işlə təmin olunub. Bu il isə universiteti 1600 məzun bitirir. Ötən illərin və cari ilin məzunları, eləcə də digər şəxslərin sərgidə fəal iştirakı mühüm nəticələrin əldə olunmasına əminlik yaradır.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli sərginin işini qarşıya qoyulmuş perspektiv hədəflər baxımından yüksək qiymətləndirib. Bu hədəflər barədə məlumat verən Samir Seyidəhmədli qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyənləşdirilən 11 prioritet istiqamətin əksəriyyətini sosial məsələlər və məşğulluq probleminin həlli təşkil edir.
Təşkil olunan karyera sərgisi də bu yöndə atılan addımlara mühüm dəstəkdir.
Səlahiyyətli nümayəndənin müavini bildirib ki, yeni dövrün çağırışlarına cavab verən ixtisaslı kadrların formalaşdırılmasında Naxçıvan Dövlət Universitetinin böyük imkanları vardır və bu imkanlar daha da genişləndirilir. Dövlət qurumları əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr təminatı baxımından ali təhsil ocağı ilə faydalı əməkdaşlıqda maraqlı olmalıdırlar.
Samir Seyidəhmədli bu cür birgə tədbirlərin təşkilini həm əhalinin məşğulluğunun, həm də tələbə-gənclərin ixtisasına uyğun işlə təmin olunması baxımından mühüm platforma kimi dəyərləndirib, sərginin işinə uğurlar arzulayıb, məzunları fəal iştiraka dəvət edib.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov bildirib ki, Naxçıvan Dövlət Universiteti həm təhsilin keyfiyyətinə, həm də məzunların əldə etdiyi nailiyətlərə görə ən mötəbər təhsil müəssisələrindən birinə çevrilib. Bu da Naxçıvanın perspektiv inkişafı üçün böyük uğurlar vəd edir. Təşkil edilən tədbir də Naxçıvan Dövlət Universiteti məzunlarının muxtar respublikanın müxtəlif dövlət və özəl təşkilatlarında karyeralarını qurmaq və davam etdirmələrinə hədəflənib.
Baş nazir vurğulayıb ki, kadr potensialının gücləndirilməsində yeni keyfiyyət mərhələsindəyik. Xüsusilə dövlət müəssisələri öz heyətinin gəncləşdirilməsində, müasir dövrün tələblərinə uyğunlaşmış bacarıqların cəlb edilməsində böyük maraq göstərir. Əmək bazarında rəqabət məhz müasir dövrün tələbləri ilə dinamik hərəkətdədir. Data analitikası, transformasiya, dünyanın dekarbonizasiya gündəliyi, habelə bir sıra yumşaq bacarıqlar bu rəqabətin əsas hərəkətverici qüvvəsidir.
Ceyhun Cəlilov vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda insan kapitalının inkişafı əsas meyar götürülüb. Proqram çərçivəsində Naxçıvan Muxtar Respublikasının əmək bazarının intensiv inkişafı nəzərdə tutulur ki, bu da perspektivdə iqtisadiyyatın daha rəqabətədavamlı dayanqlı modeli ilə nəticələnməsinə gətirib çıxarır. Buna görə də əmək bazarının yeni tələblərinə uyğun etibarlı kadr bazası formalaşmalıdır. Karyera sərgisinin təşkilində də məqsəd dövlət müəssisələrinin və özəl şirkətlərin Naxçıvan Dövlət Universiteti ilə əməkadşlığını genişləndirmək və nəticədə perspektiv əmək potensialını öz imkanlarımız hesabına təmin etməkdir. Ceyhun Cəlilov bu işlərin yerinə yetirilməsində hər kəsə uğurlar arzulayıb.
Sonra karyera sərgisinə baxış olub.
Məlumat verilib ki, sərgidə 2000-dən çox gənc üçün iş və təcrübə imkanları təqdim edilib. Məşğulluğa dəstək məqsədilə keçirilən sərgidə universitetin əməkdaşlıq etdiyi 32 dövlət qurumu və 8 özəl şirkət müxtəlif ixtisaslar üzrə vakansiya və təcrübə proqramları təqdim ediblər. O cümlədən Naxçıvan Dövlət Universiteti tərəfindən 48 vakant yer iştirakçılara təklif edilir. Bir neçə gün davam edəcək karyera sərgisində bu gün 4000-dən çox gəncin müraciəti qeydə alınıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi də Naxçıvan Dövlət Universitetində keçirilən Kariyera sərgisində iştirak edir. Sərgiyə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən mədəniyyət müəssisələrində bir sıra rəhbər, ümumi və digər vəzifələr çıxarılıb.