
Noyabrın 4-də Şərur Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Uşaq Filarmoniyasının 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı gerçəkləşib.
Konsertdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konsertdə Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblının üzvləri vətənpərvərlik ruhlu musiqi nömrələri ilə çıxış ediblər.
Proqram çərçivəsində “Cənnətim Qarabağ”, “Laçın”, “Qarabağ”, “Xudayar təsnifi”, “Yaşa mənim xalqım”, “Şuşanın dağları”, “Sən mənimsən, Qarabağ”, “Şən Azərbaycan”, “Azərbaycan” və digər musiqi əsərləri səsləndirilib. “Fidanlar” rəqs qrupunun ifasında rəqs nömrələri, “Xarıbülbül” xanəndələr ansamblının təqdimatında isə “Qarabağ şikəstəsi” dinləyicilərə təqdim olunub.
Vətənə, torpağa və Zəfərimizə həsr olunan musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
