Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar keçirilən Forum Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında gerçəkləşib. Tədbirdə Naxçıvan şəhəri və muxtar respublika bölgələrində fəaliyyət göstərən gənclər, könüllülər, kursantlar, Vətən müharibəsi iştirakçıları, təşkilatçı qurumların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Forum iştirakçıları əvvəlcə teatrın foyesində gənclərin uğur stendi, eləcə də rəsm sərgisi ilə tanış olublar. Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himnimiz səsləndirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin humanitar və sosial məsələlər üzrə məsul şəxsi Tükəzban Quliyeva, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, mədəniyyət naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla icra olunan gənclər siyasətindən və bu sahədə əldə olunan uğurlardan bəhs ediblər.
Tədbirdə Naxçıvan gənclərinə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı və Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəqqasları tərəfindən konsert proqramı təqdim olunub