02 iyul 2024 cü il tarixdə Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş "Naxçıvan istedadları" İncəsənət festivalının mükafatlandırma mərasimi və yekun konserti keçirilib.
Tədbiri giriş sözüylə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov tədbirin mahiyyəti barəsində ətraflı məlumat verib.
Bildirmişdir ki, festivalın keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan şagirdlərin yaradıcılıq qabiliyyətlərinin aşkarlanması, müvafiq sahə üzrə uşaq və yeniyetmələrin istedadının aşkara çıxarılması, şagirdlərin Azərbaycan və dünya bəstəkarlarının əsərlərinə, eləcə də milli musiqiyə olan marağının və fərdi musiqi bazasının daha da artırılması, gələcək peşəkar səhnə təcrübəsinin uşaq və yeniyetməlik yaşlarından aşılanmasına xidmət edir.
Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə xidmətlərini vurğulayaraq mədəniyyət sahəsinə olan qayğısından bəhs edib.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Sevinc Cabbarova çıxış etmiş, Azərbaycan Respublikasında uşaq hüquqlarının qorunmasından, dövlətin uşaqlara verdiyi dəyərdən danışmış, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün təsdiq olunmuş dövlət proqramında mədəniyyətin inkişafı ilə bağlı qarşıda duran məsələlərin uğurla həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirin davamında festival qaliblərinin mükafatlandırma mərasiminə başlanılıb. Festivalda fərqlənən şagirdlərə diplom və fəxri fərmanlar təqdim olunub.
Sonda final mərhələsində qalib olmuş şagirdlər müxtəlif kompozisiyalarla konsert proqramında çıxışlar edib.