Martın 14-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında pedaqogika üzrə elmlər doktoru Zəhra Muradovanın “Heydər Əliyev və Qarabağ”, “Şuşa, hər daşı-qayası tarix”, “Sağlamlıq və sənətkarlıq ocağı Şuşa” və “Şuşadan Qoriyə gedən yol” adlı kitablarının təqdimatı keçirilib. Kitabxana əməkdaşlarının və ali təhsil müəssisələrinin tələbələrinin qatıldığı mərasimi giriş söz ilə açan Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova müəllif və kitablar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Zəhra Muradova ölkəmizdə öz tədqiqatları ilə tanınan alimlərdəndir. O, 26 kitabın, 200-dən artıq elmi-pedaqoji məqalənin müəllifidir.
Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova “Şuşa, Hər daşı-qayası tarix”, Oxuculara xidmət şöbəsinin müdiri Aysel Musayeva “Heydər Əliyev və Qarabağ”, Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Sağlamlıq və sənətkarlıq ocağı Şuşa”, Komplektləşdirmə şöbəsinin müdiri Rahilə Məmmədova “Şuşadan Qoriyə gedən yol” adlı kitablar haqqında məlumat veriblər.
Vurğulanıb ki, çap əsərlərində qədim mədəniyyət və incəsənət yurdu Şuşanın tarix səhnəsinə çıxdığı gündən bugünədək keçdiyi tarixi dövrdən, yetişdirdiyi görkəmli şəxsiyyətlərdən, buranın elm, təhsil və mədəni mühitindən, təbiəti və iqlim şəraitindən, həmçinin Ümummilli lider Heydər Əliyevin Qarabağın Azərbaycandan qoparılmaması, işğaldan azad olunması ilə bağlı apardığı mübarizə və dahi liderin ölkəmizin azadlığı, suverenliyi uğrunda müstəsna xidmətlərindən bəhs edilir.
Müəllif Zəhra Muradova doğulduğu Naxçıvan torpağında kitablarının təqdimatının keçirilməsindən məmnunluğunu bildirib, onların yazılma səbəblərindən bəhs edib. Vurğulayıb ki, növbəti kitabı Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunacaq.
Sonda Zəhra Muradovanın elmi və bədii yaradıcılığını əks etdirən videoçarx təqdim edilib, müəllif tələbələrin suallarını cavablandırıb. Zəhra Muradova kitablarını kitabxanaya hədiyyə edib.