Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində mədəni irsin mühafizəsi sahəsində çalışan əməkdaşlar üçün təşkil olunan iki günlük ixtisasartırma təliminin ilk günü uğurla yekunlaşıb.

Təlim proqramının açılış mərasimindən sonra iştirakçılar mədəni irsin qorunmasına dair qanunvericilikdə son dövrlərdə edilmiş dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılıblar. Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Hüquq sektorunun müdiri Pərvanə Əliyeva təqdimatında Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında" qanunlarda edilən dəyişikliklərin mahiyyəti, bu yeniliklərin tətbiq mexanizmləri və onların mədəni irsin qorunmasına verəcəyi töhfələr barədə geniş izahlar verib.

Günün ikinci hüquqi sessiyasında tarix və mədəniyyət abidələrinin qorunması sahəsində inzibati və cinayət məsuliyyəti tədbirləri ilə bağlı yeniliklər, hüquq normalarının praktik tətbiqi və bu istiqamətdə qarşıya çıxan məsələlər ətrafında müzakirələr aparılıb.

Təlimin ikinci yarısı isə Vahid Mədəniyyət Reyestrinə həsr olunub. Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin baş məsləhətçisi Aytən Əhmədova iştirakçılara reyestrin hüquqi əsasları, informasiya sisteminin imkanları və funksionallığı barədə məlumat verib. Daha sonra məlumatların sistemə daxil edilməsi qaydaları üzrə praktiki məşğələlər keçirilib, iştirakçılar sistem üzərində test tapşırıqları yerinə yetirərək əldə etdikləri bilikləri praktik müstəvidə tətbiq ediblər.
Günün sonunda keçirilən müzakirələr və sual-cavab sessiyasında iştirakçıları maraqlandıran məsələlər cavablandırılıb, təlim çərçivəsində əldə olunan bilik və təcrübələr ümumiləşdirilib.
Təlim proqramı iyulun 17-də də davam edəcək. Sabah keçiriləcək sessiyalarda hüquqpozma hallarının aşkarlanması, sənədləşdirilməsi və aidiyyəti tədbirlərin görülməsi qaydaları praktiki nümunələr əsasında izah ediləcək, iştirakçılar real keyslər üzərində müzakirələr aparacaqlar.

Günün ikinci yarısında tarix-mədəniyyət qoruqlarının idarə olunmasına həsr edilən təqdimatlar təşkil olunacaq. Təlimlər zamanı qoruqların yaradılması, hüquqi statusu, mühafizə zonalarının müəyyənləşdirilməsi, strateji inkişaf planlarının hazırlanması, turizm potensialının artırılması, beynəlxalq əməkdaşlıq imkanları və müasir idarəetmə yanaşmaları ətraflı şəkildə təqdim ediləcək.
İki günlük proqramın yekun hissəsində isə beynəlxalq əməkdaşlıq mövzusu diqqət mərkəzində olacaq. UNESCO nominasiya fayllarının hazırlanması, 1954-cü il Haaqa Konvensiyası və onun protokolları, UNESCO-nun Gücləndirilmiş Mühafizə sistemi, mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq mübarizə mexanizmləri, INTERPOL-un oğurlanmış incəsənət əsərləri məlumat bazası, UNESCO-nun Virtual Oğurlanmış Mədəni Əşyalar Muzeyi, eləcə də mədəni irsin qorunmasında ictimai iştirakçılığın artırılması istiqamətində beynəlxalq təcrübə iştirakçıların diqqətinə çatdırılacaq.
Qeyd edək ki, təlimin əsas məqsədi mədəni irsin qorunması sahəsində çalışan mütəxəssislərin qanunvericilik, rəqəmsal idarəetmə, qoruq menecmenti və beynəlxalq əməkdaşlıq istiqamətlərində peşə bilik və bacarıqlarını daha da gücləndirmək, bu sahədə vahid və səmərəli fəaliyyət mexanizmlərinin tətbiqinə dəstək verməkdir.