Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar açıq dərslər və tədbirlər keçirilir
Tədbirlərdə diqqətə çatdırılıb ki, 1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunub.
Vurğulanıb ki, 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir. Xalqımız həmin hadisələrdə şəhidlər versə də, igid Vətən övladlarının sarsılmaz iradəsindən, milli ruhun sarsılmazlığından, istiqlaliyyət əzmindən yoğrulmuş şanlı qəhrəmanlıq tarixi yaratdı. 20 Yanvar şəhidlərinin ruhu şaddır, çünki dövlət müstəqilliyimiz bu gün etibarlı əllərdə ildən-ilə daha da möhkəmlənir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad edib, həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır.