Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən klub müəssisələrinin fəaliyyətinin təşkili və qarşıda duran vəzifələrə dair seminar keçirilib
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Pərvin Həsənov qeyd edib ki, Mədəniyyət saraylarının direktorları və klubların məsul şəxsləri ilə belə görüşlərin keçirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu cür görüşlər mədəniyyət müəssisələrinin fəaliyyəti ilə bağlı mövcud vəziyyəti birlikdə qiymətləndirmək, qarşıda duran vəzifələri müəyyənləşdirmək və fəaliyyətin daha səmərəli təşkili istiqamətində fikir mübadiləsi aparmaq baxımından vacibdir.
Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin aparıcı məsləhətçisi Elvin Əhmədov bildirib ki, klub müəssisələrinin işi müasir dövrün tələblərinə uyğun qurulmalı, onların fəaliyyəti daha səmərəli və məqsədyönlü təşkil edilməlidir. Qeyd olunub ki, bu müəssisələr bölgələrdə mədəni həyatın canlandırılmasında mühüm rol oynayır.
Nazirliyin Media və kommunikasiya sektorunun müdiri Lalə Hüseynova Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sosial mediada təmsilçiliyi, rəsmi sosial media platformalarında fəaliyyət, sosila şəbəkələrdən istifadə, ictimaiyyətlə əlaqələr zamanı nəzəra alınmalı olan nüanslar barədə ətraflı məlumat verib.
Seminarda müzakirə olunan məsəllələr, klub müəssisələrinin fəaliyyətinin daha səmərəli qurulması ilə bağlı fikir mübadiləsi aparılıb, müəssisə rəhbərlərinin fikirləri dinlənilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.