“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın və investisiya layihələrinin icrası ilə bağlı ictimaiyyətə ətraflı məlumat verilib
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Pərvin Həsənov Nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisələrin bərpası və təmiri ilə bağlı Naxçıvan Televiziyasına müsahibə verib.
Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin icraçı olduğu tədbirlərin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Həmin proqramın 2023-2025-ci illər üzrə Təfsilatlı Tədbirlər Planı”na əsasən Möminə xatın türbəsinin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı 13 sentyabr 2024-cü il tarixdə bir mənbə metodundan istifadə etməklə “Atelier Erich Pummer GmbH” ilə müqavilə bağlanılmış və 22-27 sentyabr tarixlərində şirkətin əməkdaşları tərəfindən Möminə Xatın türbəsində ölçmə işləri və müayinələr aparılmışdır. Müqaviləyə uyğun olaraq 11 dekabr 2024-cü il tarixdə şirkət rəhbəri ilə görüş keçirilərək hazırlanan sənədlər təhvil alınıb
Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin 22 may 2025-ci il tarixli “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar dərhal işlərə başlanılmış, ehtimal olunan qiymət müəyyən olunmuş, birmənbə metodundan istifadə etməklə satınalmanın həyata keçirilməsi üçün müvafiq quruma müraciət edilmişdir. Həmin qurumdan cavab alındıqdan sonra 16 iyun 2025-ci il tarixdə Avstriya Respublikasının “Atelier Erich Pummer GmbH” şirkəti ilə Möminə xatın türbəsinin bərpası və konservasiyası üzrə müqavilə imzalanıb.