"Naxçıvan xanlığının yadigarı: Xan Sarayının 15 illik muzey yolu" mövzusunda tədbir keçirilib
"Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyinin 15 illiyinə həsr olunmuş "Naxçıvan xanlığının yadigarı: Xan Sarayının 15 illik muzey yolu" mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova tarixi abidələrə göstərilən dövlət qayğısından bəhs edərək bildirib ki, "Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılmasında əsas məqsəd Naxçıvan xanlığının dövlətçilik tarixini, irsini qorumaq və təbliğ etməkdir.
AMEA Naxçıvan Bölməsinin elmi işçisi, tarix elmləri doktoru Musa Quliyev "Naxçıvan xanlığı: Arxiv mənbələri və tarixi həqiqətlər" mövzusunda çıxış edərək arxiv mənbələri əsasında Kəngərli nəslinin görkəmli nümayəndələri haqqında maraqlı məlumatlar verib.
Muzey Kompleksinin direktoru Rəhim Rəhimov "Əsrlərin yaddaşı: Xan Sarayı 15 ildə" mövzusunda çıxış edərək muzeyin 15 ildə tamaşaçılara göstərdiyi mədəni xidmətdən, elmi fəaliyyətidən, Sarayda keçirilən beynəlxalq tədbirlərdən bəhs edib.
Cəmşid Naxçıvanski Muzeyinin baş fond mühafizi- elmi işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Gülnaz Hüseynova "Naxçıvan Xan Sarayı- XVIII əsr Azərbaycan xanlıqları dövrünün siyasi-mədəni simvolu" mövzusunda çıxış edərək, Xan Sarayının tikilmə mövqeyindən, üslubundan, divar taxçalarından söz açıb.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilib.