Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Möminə Xatın türbəsinin qarşısında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə tədbir keçirilib. Muxtar respublikanın mədəniyyət müəssisələrinin, ali və orta təhsil müəssisələrinin müəllim, tələbə və şagirdlərinin qatıldığı tədbirdə Nazirliyin Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Həsən Kərimov çıxış edərək bildiribdir ki, YUNESKO-nun Abidələrin Mühafizəsi Məsələləri üzrə Beynəlxalq Şurasının qərarı ilə 1983-ci ildən etibarən hər il aprelin 18-si dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur.
Vurğulanıb ki, qədim yaşayış və mədəniyyət mərkəzi olan Azərbaycan tarixi abidələrlə olduqca zəngindir. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə tarixi-mədəni irsimizin qorunub saxlanılması üçün böyük işlər görülüb, zəngin qanunvericilik bazası yaradılıb. Bu gün ölkə başcısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, tədqiqi və dünyada təbliğinə yüksək diqqət və qayğı göstərilir.
H.Kərimov Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında və “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” sərəncamlarında qarşıya qoyulan vəzifələrdən bəhs edərək bildirib ki, qarşıda muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması və pasportlaşdırılması, tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi, UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahısına salına biləcək abidələrin müəyyənləşdirilməsi kimi mühüm vəzifələr dayanır.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə, həm də “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Ölkəmiz beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm addımlar atılır.
Tədbir Naxçıvan Dövlət Filarmoniyasının muğam üçlüyünün təqdimatında konsert proqramı ilə davam edib. Muxtar respublikanın əməkdar artistləri-Hünər Əliyev, Xatirə Səfərova və Filarmoniyanın solisti Zamin Vəliyevin ifa etdiyi musiqi nömrələri alqışlarla qarşılanıb.
Sonra tədbir iştirakçıları Naxçıvanın təbiətini, tarix və memarlıq abidələrini özündə əks etdirən rəsm əsərlərindən, dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxıblar.
Tədbir Möminə Xatın türbəsinin ziyarət edilməsi ilə başa çatıb.
Qeyd edək ki, 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı muxtar respublikada fəaliyyət göstərən muzey və abidələrin qarşısında tədbirlər keçirilib, sərgilər qurulub, tələbə və şagirdlərin ziyarətləri təşkil olunub.