Sentyabrın 18-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “Milli Musiqi Günü”nə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov dünyaşöhrətli bəstəkar, ictimai xadim Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığından, Azərbaycan mədəniyyəti qarşısında misilsiz xidmətlərindən bəhs edib, Ulu öndər Heydər Əliyevin Fərmanına əsasən “Milli Musiqi Günü”nün qeyd olunduğunu diqqətə çatdırıb.
Həsən Seyidov qeyd edib ki, Üzeyir Hacıbəyli 1908-ci ildə yazdığı “Leyli və Məcnun” əsəri ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. Bir-birinin ardınca yazdığı opera və operettaları, marşları, kantataları, mahnı və romansları, kamera və xor üçün əsərləri ilə musiqi xəzinəmizi zənginləşdirib. Ulu öndər Heydər Əliyevin hər zaman Üzeyir Hacıbəylinin şəxsiyyətini yüksək qiymətləndirdiyini deyən nazir müavini diqqətə çatdırıb ki, Şanlı Zəfərdən sonra Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Şuşada dahi bəstəkarın heykəli yenidən ucaldıldı, əsərləri illər sonra doğma yurdunda səsləndi.
Bildirilib ki, bu il də ənənəyə sadiq olaraq sentyabrın 18-dən 28-dək keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək. Nazir müavini əlamətdar gün münasibəti ilə bütün mədəniyət, incəsənət nümayəndələrini təbrik edib, onlara yeni sənət uğurları arzulayıb.
Sonra Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.
Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayan konsert zamanı dahi bəstəkarın əsərlərindən parçalar ifa edilib. Dinləyicilərdə xoş əhval-ruhiyyə yaradan konsertdə, həmçinin görkəmli bəstəkarlardan-Fikrət Əmirovun, Tofiq Quliyevin, Qara Qarayevin, Asəf Zeynallının əsərləri, xalq mahnısı ifa edilib.
Beynəlxalq müsabiqələr laureatı Orxan Həşimovun, Prezident mükafatçıları Cahangir Qurbanovun və Elvin Əliyarovun dirijor olduğu musiqi şölənində əsərlər Azərbaycan Respublikasının əməkdar artistləri - Gülyanaq Fərzəliyeva, Mübariz Əsgərov, Tural Nəcəfov, Filarmoniyanın solistləri-Vəli Səfərov və İlkin Abdullayev tərəfindən təqdim olunub.
Konsert proqramı alqışlarla sona çatıb.
Naxçıvan Muxtar Respublikasının
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
18.09.2023