
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən tabeli regional mədəniyyət idarələrinin uşaq musiqi və incəsənət məktəblərində təhsil alan məzunlar üçün ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir.
2025/2026-cı tədris ili üzrə təşkil olunan imtahanlar dünəndən etibarən start götürüb və iki gün davam edəcək. Buraxılış imtahanları Naxçıvan şəhəri və rayonlarda olmaqla ümumilikdə 8 imtahan məntəqəsində keçirilir. Mərkəzləşdirilmiş qaydada təşkil olunan imtahanlarda ümumilikdə 623 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanlar müvafiq ixtisaslar üzrə formalaşdırılmış komissiyalar tərəfindən 5 ballıq qiymətləndirmə sistemi əsasında aparılır. Yekun nəticələr komissiya üzvlərinin verdiyi balların orta göstəricisi əsasında müəyyən ediləcək.
İlk dəfə tətbiq olunan mərkəzləşdirilmiş buraxılış imtahanları uşaq musiqi və incəsənət təhsilində qiymətləndirmə prosesinin vahid standartlar əsasında həyata keçirilməsinə, şəffaflığın və obyektivliyin artırılmasına, həmçinin tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.
