Muxtar respublikanın tarixi abidələrlə zəngin bölgələrindən biri də Ordubaddır. Yüzillik, minillik abidələr bu qədim şəhərin hüsnünə yaraşıqdır. Körpülər, arxeoloji abidələr, məscidlər, mədrəsələr, hamamlar, qala və muzeylər hərəsi bir dövrün, bir zamanın sorağını yaşadır özündə.
Prezident İlham Əliyev 21 fevral 2024-cü il tarixdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Qərarı əsasında “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının, ərazisinin xüsusi rejiminin müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması üçün Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Ədliyyə və Maliyyə nazirliklərinin, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndələrinin təmsil olunduğu komissiya təşkil edilib. Martın 29-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində komissiyanın ilk iclası keçirilib. İclasda qarşılıqlı fikir mübadiləsi aparılıb. Komissiya tərəfindən Qoruğun sərhədlərinin və mühafizə zonasının müəyyənləşdirilməsi ilə bağlı Ordubad şəhərində iş aparılıb.
Artıq komissiya tərəfindən Qoruğun sərhədlərinin və mühafizə zonasının müəyyənləşdirilməsi və xəritəsinin hazırlanması istiqamətində işlər yekunlaşdırılıb. Belə ki, Qoruğun sərhədlərinin və mühafizə zonasının döngə nöqtələrinin koordinatları müəyyən edilərək xəritədə təsviri hazırlanıb. Ordubad şəhərinin yerquruluşu planı və şəhərin ünvan xəritəsi əsasında Qoruğun sərhədləri 2400693 kvadrat metr müəyyən edilib. Qoruğun mühafizə zonasının uzunluğu 9.79 km, ərazisi 11.81 ha-da qərarlaşdırılıb. “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun mühafizə zonası ilə birlikdə ümumi sahəsi 2518710 kv. metr (251.87 ha) təşkil edib. Həmçinin komissiya tərəfindən Qoruğun ərazisinin xüsusi rejimi ilə bağlı təkliflər hazırlanaraq təqdim edilib.
Haliyədə aid təşkilatlarla birlikdə qoruğun strukturu və əsasnaməsinin hazırlanması istiqamətində işlər yekunlaşmaq üzrədir.