Noyabrın 28-də Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrında yazıçı Əzizə Cəfərzadənin “Analar” televiziya tamaşası əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub. Xalq teatrının repertuarında ilk dəfə yer alan tamaşada rolları Davud Məmmədov, Günəş Ağayeva, Nuridə Zeynalova, Rəcəb Quliyev, Ülviyyə Babayeva və digər aktyorlar ifa ediblər.
Davud Məmmədovun quruluş verdiyi səhnə əsərinin rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günəş Ağayeva, musiqi tərtibatçısı Qasım Rəsulovdur.
Səhnə əsərində xaraktercə bir-birinə zidd olan 2 ana obrazı təqdim olunur. Biri yad uşağı öz övdadı kimi böyüdən Sənəm ana, digəri övladının ailəsini dağıtmağa çalışan Zərbutə ana. Ailə-məişət mövzusunda olan səhnə əsərində Səmədlə Aynur cütlüyü bir-birilərini sevərək evlənirlər. Lakin Səmədin anası Zərbutə xanım oğlunun varlı ailənin qızı ilə evlənməsinin tərəfdarıdır. Bunun üçün oğlu ilə gəlinin ayırmağa çalışır. Aynurun övladlıq olma xəbərinin duyulması cütlüyün ayrılmasına səbəb olur. Ancaq tamaşanın sonunda Zərbutə xanım gəlinindən onu bağışlayıb, evə dönməsini xahiş edir.
Rayon ictimaiyyəti tərəfindən izlənilən “Analar” tamaşası maraqla qarşılanıb.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
28.11.2023