Ordubadda “Xalq teatrlarında Ustad dərsləri” layihəsinin ikinci mərhələsi keçirilib
4–10 aprel tarixlərini əhatə edən “Xalq teatrlarında Ustad dərsləri” layihəsi çərçivəsində növbəti təlim 7 aprel tarixində Ordubad Rayon Xalq Teatrında baş tutub.
Təlim Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru və baş rejissoru Mir Qabil Əkbərov və aktyor, pantomima üzrə mütəxəssis İsmayıl Mirzəcanovun rəhbərliyi ilə keçirilib. Həvəskar aktyorlar səhnə danışığı, aktyor plastikasının əsasları və bədən dili üzrə nəzəri və praktiki biliklərlə tanış olublar.
Təlim zamanı iştirakçılarla interaktiv məşğələlər aparılıb, onların fərdi çıxışları təhlil olunaraq peşəkar tövsiyələr verilib.
Layihənin əsas məqsədi regionda teatr sənətini inkişaf etdirmək, yeni aktyor potensialını üzə çıxarmaq və xalq teatrlarının fəaliyyətinə peşəkar dəstək göstərməkdir. Təlimlər növbəti günlərdə digər rayonlarda davam etdiriləcək.