Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2023-cü ilin avqust ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir. Ay ərzində Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif tədbirlər, konsert proqramları, kitab və film təqdimatları keçirilmiş, əlamətdar və tarixi günlər qeyd olunmuş, insanların mədəni istirahətinin təmin edilməsi diqqətdə saxlanılmışdır.
“Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş albom-kataloqun hazırlanması və “Əl işləri sərgi-müsabiqəsi”nə ərizə qəbulu davam etdirilmişdir. “Heydər Əliyev İli” ilə bağlı avqust ayı ərzində ümumilikdə, 12 tədbir keçirilmiş, 1 sərgi qurulmuşdur.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxslər tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi Qaydası”na əsasən Naxçıvan Muxtar Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına nəzarət edilmişdir.
Ötən ay Nazirlik tərəfindən Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlılardan yer-yurd adlarının, folklor nümunələrinin toplanması diqqətdə saxlanılmış, işin təşkili ilə bağlı seminar keçirilmiş, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Qərbi Azərbaycanla bağlı kitabxanaçı tövsiyəsi hazırlanmışdır. Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları tərəfindən Kəngərli rayonunun Çalxanqala və Babək rayonunun Kərimbəyli kəndlərində yaşayan Qərbi Azərbaycandan olan sakinlərdən Qərbi Azərbaycan folkloru və toponimləri ilə bağlı nümunələr toplanmışdır.
Avqust ayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”, “2 Avqust - Azərbaycan Kinosu Günü” geniş qeyd olunmuş, görkəmli fırça ustası İbrahim Səfiyə həsr olunmuş “Rəngləri danışdıran adam” kitabının və eyniadlı filmin təqdimatı yaddaqalan tədbirlərdən olmuşdur. Bundan əlavə, “Heydər Əliyev – 100” devizi ilə keçirilən Diaspor gənclərinin IV yay düşərgəsinin Heydər Əliyev Sarayında keçirilən açılış və “Duzdağ” otelində keçirilən bağlanış mərasimlərində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının konsert proqramları alqışlarla qarşılanmışdır. Qeyd edək ki, Filarmoniyanın kollektivlərinin “18 Sentyabr - Milli Musiqi Günü” ilə bağlı konsert proqramlarının hazırlıq məşqlərinə start verilmişdir.
Yeni teatr mövsümünə hazırlaşan teatr müəssisələrində - Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında repertuarda olan tamaşaların bərpa məşqləri, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında V.Haqverdiyevin “Qarınqulu ayı balası”, Naxçıvan Dövlət Uşaq Teatrında isə T.Seyidovun “Şir ağa və yumruçanaq tısbağa” tamaşasının məşqləri aparılmışdır.
Avqust ayında muzeylərin fəaliyyəti də nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmiş, nümunəvi muzey xidməti göstərilməsinə diqqət artırılmış, muzey əməkdaşlarının peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədi ilə seminar-treninq təşkil olunmuş, sakinlərlə muzey əməkdaşlarının görüşləri keçirilmiş, müxtəlif tədbirlər gerçəkləşmişdir. Ay ərzində muzeyləri 25 min 99 nəfər yerli, 17 min 468 nəfər əcnəbi olmaqla, ümumilikdə 42 min 567 nəfər ziyarət etmiş, muzeylərə 213 yeni eksponat daxil olmuşdur.
Avqust ayında kitabxanalarda keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, mərkəzləşdirilmiş kitabxana sistemlərinin kitabxanaçıları arasında reallaşan “İntellektual kitabxanaçı” bilik müsabiqəsinin qalibləri bəlli olmuş, Nazirliyin diplomları ilə təltif olunmuşdur. Həmçinin, ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.
Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 26 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 27 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Kitabxanalarda yeni oxucu sayı 1 min 014, oxucu gəlişi 8 min 600, kitab verilişi isə 55 min 114 nüsxə olmuşdur. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 646 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 36 min 90-a çatdırılmışdır.
Həmçinin ötən ay klub müəssisələri, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, əlamətdar tarixi günlər, görkəmli şəxsiyyətlərin ildönümləri ilə bağlı tədbirlər keçirilmişdir.
Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay ərzində 1 min 500 manatlıq 14 adda 125 ədəd iş satılmışdır.
Naxçıvan Dövlət Film Fondu tərəfindən filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmiş, film nümayiş olunmuşdur.
Avqust ayında Nazirliyin yeni "nculture.gov.az" internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmış,saytın bölmələrinin hazırlanması, axtarış sistemlərinə uyğunlaşdırılması, "Google" axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün işlər yekunlaşdırılmış, Nazirliyin və tabeli müəssisələrin sosial şəbəkə hesablarında mütəmadi olaraq paylaşımlar edilmiş, keçirilən tədbirlərin KİV-də işıqlandırılması diqqətdə saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
04.09.2023