Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Qərbi Azərbaycanin Qədim Mədəniyyətləri

Qərbi Azərbaycanda yerləşən qədim mədəniyyətlərin tədqiqi bu mədəniyyətlərin Azərbaycanda formalaşan mədəniyyətlərlə bağlı olduğunu deməyə imkan verir. Paleolit dövründən başlayaraq məskunlaşdırılan bu ərazilər Azərbaycanda məskunlaşan qədim tayfaların vətəni olmuşdur. İstər Neolit və Eneolit dövründə Qərbi Azərbaycan Azərbaycanın cənub bölgələrində və Qarabağda məskunlaşan tayfaların yaylaqları olmuşdur. Tunc dövrünün müxtəlif mərhələlərində Qərbi Azərbaycanda yayılan mədəniyyətlər Urmiya hövzəsi, Naxçıvan və Qarabağda yayılan mədəniyyətlərlə ortaq xüsusiyyətlərə malik olmuşdur.

Xalqımızın qürur mənbəyi olan 2020-ci ilin 40 günlük müharibəsi tarix boyu torpaqlarımıza, yurd yerlərimizə göz dikən erməni vandallarına layiqli cavab oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəsiyyətinə əməl edərək 2023-cü ilin 19 sentyabrında antiterror əməliyyatını müvəffəqiyyətlə başa çatdıraraq torpaqlarımızı yadelli işğalından azad etdi. Torpaqlarımızın yadelli işğalından azad olması XX əsrin əvvəllərində Sovet dövləti tərəfindən ermənilərə bəxşiş edilən Qərbi Azərbaycan torpaqlarının geri qaytarılması məsələsini də gündəmə gətirmişdir.

Araşdırmalar göstərir ki, Qərbi Azərbaycanda yerləşən Göyçə mahalının tarixi qədim daş dövrünə gedib çıxır. Göyçə hövzəsində Quru Xarabadan aşkar olunnan obsidian alətlər burada Paleolit dövründən yaşayış olduğunu göstərir. Lakin indiki Ermənistana qatılan Qərbi Azərbaycan torpaqlarının kimə məxsus olduğunu aydınlaşdırmaq üçün çox da qədimə getməyə ehtiyac qalmır. XIX əsr mənbələrində, xüsusilə rus tədqiqatçılarının əsərlərində Göyçə mahalındakı yer-yurd adlarının türk dilində olması bu baxımdan diqqətəlayiqdir. Rus tədqiqatçısı A.A.İvanovski Rusriya hakimiyyətinə aid ərazilərin təsvirini verərkən bu ərazini “Göyçə gölü hövzəsi” adlandırmışdır. Tədqiqatçı bu sözün “Göyçə”, yaxud “Göy çay” olduğunu və türk dilində mavi su anlamında işlədildiyini qeyd etmişdir. Göyçə gölü qərbdən Şorgöl, şərqdən Adtəpə burunlarının bir-birinə yaxınlaşması ilə iki qeyri-bərabər hissəyə ayrılır. Gölün şimal-şərq sahili boyunca uzanan Şahdağ, yerli əhali tərəfindən Güney, ondan qərbdəki dağlar isə Pəmbək adlanır. Hər iki silsilə Kömürlü dağın yaxınlığından keçir. Güney silsiləsinin ən yüksək zirvələri Maralcadağ (2606 m), Soyuqbulaq (2684 m), Kirkitdağ (2749 m), Əyricə (2660 m), Qaraarxac (3057 m),  Ginaldağ (3370 m) və digərləridir. Gölün cənubundan şimala doğru Qarabağ silsiləsi uzanır. Gölün cənub-qərb tərəfində Bəkləmiş, Dərələyəz, Gözəldərə, Qaraxlı, Abdul-Hassar, qərbdə Əyricə, Ağdağ, Üçtəpə və digər dağ silsilələri vardır. Bu yer adlarının siyahısını daha da artırmaq olar və bunların içərisində heç bir erməni adına rast gəlinmir. Sadəcə bəzi yer adları rus sözləri ilə əvəz edilib.

Göyçə hövzəsində yerləşən Göyhasar və Göyəm obsidian yataqları qədim dövrlərdən Azərbaycan ərazisində yerləşən I Kültəpə, Naxçıvantəpə, Uçan Ağıl, Ovçulartəpə, Zirincli və digər yaşayış yerlərində məskunlaşan tayfalar tərəfindən istismar olunub. Daha doğrusu bu yerlər Urmiya hövzəsi, Qarabağ və Naxçıvanda məskunlaşan tayfaların yaylaqları olub. Azərbaycannın Neolit dövrü tayfaları istehsal təsərrüfatının yüksək səviyyədə mənimsəmişdilər. Köçmə maldarlıqla məşgul olan bu tayfalar qonşu ərazilərlə əlaqə saxlaya bilmiş, Göyçə və Zəngəzuradək gedib çıxmışdır. Göyçə  hövzəsinin və Zəngəzur obsidianlarının bu tayfalar tərəfindən istifadə olunması bunu təsdiq edir. I Kültəpə sakinləri Göyçə obsidianından e. ə. VII minilliyin ikinci yarısından başlayaraq istifadə etmişlər. Obsidian yataqları Naxçıvanda və Şimal-Qərbi İranda yoxdur. I Kültəpə sakinləri başlıca olaraq Zəngəzur (49%) və Göyçə hövzəsində yerləşən Göyhasar (50%) obsidianından istifadə etmişdir. Naxçıvantəpədəki obsidian alətlərin araştırılması Göyçə , Zəngəzur və Şərqi Anadolu obsidianından istifadə olunduğunu  göstərmişdir. Son araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Zəngəzur obsidianı üstünlük təşkil edir. Digər yataqların obsidianlarından isə  olduqca az istifadə edilmişdir. Qarabağda yerləşən Çalağantəpə və Töyrətəpə yaşayış yerlərin sakinləri də Göyhasar obsidianından istifadə etmişdir. Qeyd etmək lazımdır ki, I Kültəpə yaşayış yeri Göyçə obsidianından istifadəyə görə Cənubi Qafqazda xüsusilə üstün mövqeyə malikdir. Buna görə də Kültəpədə məskunlaşan tayfaların obsidian yataqları ilə birbaşa əlaqəsinin olduğunu demək olar. Zəngəzur və Göyhasarın obsidian yataqları Eneolit dövründə də geniş istifadə olunmuşdur. Beləki Naxçıvantəpədə  Zəngəzur obsidianı (42%), Göyhasar obsidianı isə 37%-dir. Ovçulatəpəsi yaşayış yerində isə obsidianın 74% Göyhasardan, 13%-i isə Zəngəzurdan gətirilmişdir. Arazdan cənubda yerləşən yaşayış yerləri də Naxçıvandan 45 kilometr şimalida yerləşən Zəngəzur obsidianından (95%)  istifadə etmişdir. Urmiya hövzəsində Xoy ovalığındakı obsidianların analizi Nemrut Dağ  və Zəngəzur obsidianının çoxluq təşkil etdiyini göstərmişdir. Dava Göz yaşayış yerində də Zəngəzur obsidianından istifadə çoxluq təşkil edir. Şübhəsiz ki, obsidian mənbələrinin istismar edilməsi regionlararası əlaqələrin yaranmasında müəyyən rol oynamışdır. İstər Dalmatəpə, istərsə də Ovçulartəpə mədəniyyətinin yayılma arealı Naxçıvan torpaqlarının Azərbaycanın cənubda yaşayan tayfaları ilə şimalda yaşayan tayfaları arasında körpü rolu oynadığını göstərir. Bu vəsilə ilə Azərbaycanın cənubundakı mədəniyyətlər şimala doğru yayılaraq Ağrı bölgəsi, Göyçə hövzəsi və Zəngəzuradək yayılmışdır.

Bədxah qonşularımız uzun müddət, xüsusilə Sovetlər dövründə Azərbaycanın cənub bölgələrində yayılan mədəniyyətləri öz adlarına çəxmağa çalışmış, abidələrin və mədəniyyətlərin adlarını belə saxtalaşdırmışlar. Neolit dövrünə aid olan Mahaltəpə və Xatunarx yaşayış yerlərini uyğyn olaraq Arataşen və Aknaşen adlandırmışlar. Orta Tunc dövründə İrəvan yaxınlığındakı Təzəkənd kəndi ilə bağlı olan “Təzəkənd mədəniyyəti”ni Karmirberd mədəniyyəti kimi qələmə vermişlər. Lakin onların bu saxtakarlığı elm aləmində möhkəmlənə bilməmişdir. Azərbaycan tədqiqatçılarının Şərur rayonundakı Qızqala yaşayış yerində apardığı araşdırmalar Orta Tunc dövrü “Boyalı qablar mədəniyyəti”nin Naxçıvan, Urmiya hövzəsi və Şərqi Anadoluda məskunlaşan oturaq və köşmə həyat tərzini mənimsəmiş tayfalar tərəfindən yaradıldığını, Göyçə hövzəsinə doğru uzanan yalaqların Naxçıvanda yaşayan tayfaların məskəni olduğu sübut etmişdir (Baxşəliyev, 2023, s. 191-209, 325 ). Qızqala kurqanlarındakı insan skeletlərinin dişlərində götürülən izotopların analizi Orta Tunc dövrü tayfalarının Şərur rayonunda Arpaçay vadisində məskunlaşdığını, yayda Arpaçay vadisi boyunca Göyçə hövzəsinə doğru irəliləyərək bu bölgədəki yaylaqlarda məskunlaşdığını göstərir.

Rus tədqiqatşıları Göyçə hövzəsində Quru Xaraba adlı yerdə qeydə alınan kurqanları Monqolustanda Orxon vadisində aşkar olunan kurqanlarla bınzər olduğunu qeyd etmişlər.

Son Tunc və Erkən Dəmir dövründə Qarabağ və Gədəbəydə formalaşan Xocalı-Gədəbəy mədəniyyəti Göyçə hövzəsi, o cümlədən Dilican, Lorut, Calaloğlu Zəngəzur, Xudafərin və Urmiya hövzəsini əhətə edən böyük bir regiona yayılmışdır. Bu mədəniyyətin formalaşdığı regionda yaşayan Etiuni tayfaları Urartu dövlətinə qarşı kəskin müqavimət göstərmiş, onların Azərbaycan torpaqlarını işğal etməsinə imkan verməmişdir. Yeri gəlmişkən qeyd edək ki, dünya alimlərinin araşdırmaları sübut etmişdir ki, Urartuların ermənilərlə heş bir etnik bağlılığı yoxdur. Yaxın Şərqin böyük dövlətlərindən biri olan Urartunun ilk paytaxtı indiki Suriya ərazisindəki Suqunia, sonra Arzaşkun, e. ə. IX əsrdə isə Van gölü sahilindəki Tuşpa olmuşdur. E.ə. VIII əsrdə onlar Cənubi Qafqaza yürüş edərək indiki Ermənistanda Erebuni, Teyşebani və Argiştihinili adlı üç şəhər inşa etmiş, bu şəhərlərin Aza qəbiləsindən olan yerli əhalisini köçürmüş və onların yerinə Çupani bölgəsindən olan insanları yerləşdirmişlər.

   Göyçə mahalında Kolanı, Zağalı və Ördəkli kəndləri yaxınlığında olan mizi yazılar urartuların bu bölgələrə hücumlarından xəbər verir. Ördəkli kitabəsində Uratu hökmdarı Argişti Göyçə gölünün şimalında yerləşən Kiexuni ölkəsinin şəhərlərini işğal etdiyini yazmışdır. Ermənilər sonradan bu adı dəyişdirərək Keqaxuni adlandırmışlar. Qeyd etmək istəyirik ki, Zağalı kitabəsi tapılanadək Urartu dövlətinin adı yalnızca Assur mənbələrindən məlum idi. II Sardurinin dövrünə aid Zağalı kitabəsində ilk dəfə olaraq bu dövlətin adına rast gəlinmişdir. Lakin qeyd etməliyik ki, urartular yalnızca bu ərazilərə işğalçı yürüşlər etmişlər. Urartu hökmdarlarının mixi yazılarda lovğalıqla bu bölənin şəhərlərini işğal etdiklərini yazmalarına baxmayaraq onlar yerli əhalinin müqavimətinə rast gəlmiş və bu bölgədə şəhərlər inşa edə bilməmişlər. Urartu hökmdarları heç vaxt məğlubiyyətlərini etiraf etməmişlər. Lakin biz onların məğlub olduğunu Assur mənbələrindən yaxşı bilirik. Yazılı mənbələrdə skiflərin məskunlaşdığı Qarabağ bölgəsi İşkuqulu ölkəsi olaraq xatırlanmışdır. Kimmerlər isə Göyçə hövzəsində məskunlaşmışdılar. Assur kəşfiyyatının hökmdara yazıdığı məktubların birində Urartu birliklərinin Kimmer ölkəsində ağır məğlubiyyətə uğramasından və baş komandanın əsir düşməsindən yazılmışdır. Mənbələrin məlumatına görə köçəri kimmerlər Urartunun bir yanından girib o biri yanından çıxmış və bu məğlubiyyət zamanı sərkədələrini itirən Urartu zəifləmiş, Assur hökmdarı II Sarqonun hücumuna məruz qalmışdı.

Bu dövrdə Qərbi Azərbaycanda məskunlaşan qüdrətli tayfalardan biri də Etiuni tayfaları idi. Bu tayfalar Xocalı-Gədəbəy mədəniyyətinin varisləri idi. Azərbaycanın qərb bölgələrinin Antik mənbələrdə Otena adlanması heç də təsadüfi deyil. Urartu mənbələrində ən çox xatırlanan tayfalardan biri Etiuni tayfalarıdır. Etiuni tayfaları Urartu mənbələrində Göyçə gölü sahilində xatırlansa da bu ölkənin Naxçıvana qədər uzandığını və Naxçıvanı da əhatə etdiyini demək olar. Naxçıvanın yaxınlığında, Sisianda tapılan  mixi yazıda Urartu hökmdarı II Argişti belə demişdir: “Etiuhi Ölkəsinin kralı gəldi və ölkəsinin vergisini mənə verdi”. Bu yazıdan məlum olur ki, Etiunilər xərac verməklə öz müstəqilliklərini qorumuşlar.

Bədxah qonşularımız tarixi gerçəkliyi hər zaman dəyişdirməyə çalışmış, tarixi türk torpaqlarını öz adlarına çıxmışlar. Onlar elə Göyçə gölünün adını da dəyişdirərək Sevan adlandırmışlar. Sevan sözünün etimologiyası ilə bağlı müxtəlif fikirlər var. Bu ad XIX əsr rus mənbələrində Sevanq şəklində xatırlanmışdır. Sevanq Göyçə gölündəki adaya verilmişdi. Bəziləri bunu xristian dininin təbliğatçısı Müqəddəs Qriqorinin adı ilə bağlayırlar. Guya ki, o belə demişdir: Sa vanq, yəni budur monastr. Digər bir mülahizəyə görə Sevan adı Senq Vanq  sözündən törəmiş və mənası ermənicə qara kilsə deməkdir. Bu adada vaxtilə kilsə olmuş və erməni-qriqorian kilsəsinin əleyhidarları bura sürgün edilmiş, buna görə qara kilisə adlandırılmışdır. Buna görədə ada Sevanq adlanmışdır. Ancaq bu adın Göyçə gölünə 1930-cu ildə verildiyini nəzərə alsaq onun yamaqdan başqa bir şey olmadığını anlamaq o qədər də çətin olmaz.

Arxeoloji abidələrin tədqiqi, Qərbi Azərbaycan mədəniyyətlərinin Azərbaycanın Urmiya, Naxçıvan və Qarabağ bölgəsindəki mədəniyyətlərlə ortaq xüsusiyyətlərə malik olması, həm qədim mənbələr, həm də rus mənbələrində xatırlanan toponimlər və tayfa adları Göyçə və Zəngəzurun qədim dövrlərdən Azərbaycan xalqına məxsus olduğunu təsdiq edir. Tarxi faktlar Qərbi Azərbaycanın həm mədəni, həm də etnik baxımdan Azərbaycanın ayrılmaz bir parçası olduğunu təsdiq edir.

VƏLİ BAXŞƏLİYEV

AMEA-nın müxbir üzvü

AMEA Naxçıvan Bölməsi