
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun ölməz əsərlərindən biri olan "Sərgüzəşti-vəziri-xani-Lənkəran" ("Lənkəran xanının vəziri") komediyası Şərur Rayon Mədəniyyət Sarayının səhnəsində tamaşaçılara təqdim edilib.
Klassik Azərbaycan dramaturgiyasının ən dəyərli nümunələrindən olan əsər müasir səhnə həlli, aktyorların peşəkar oyunu, musiqi tərtibatı ilə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tamaşanın əsas məqsədi milli teatr ənənələrinin yaşadılması, klassik irsin təbliği və gənc nəslin Azərbaycan dramaturgiyasına marağının artırılmasıdır.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Nəsimi Məmmədzadə, səs operatoru isə Yusif Həsənovdur. Səhnə əsərində əsas rolları Azərbaycan Respublikasının Əməkdar artisti Neymət Sultanov, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayeva, Məhərrəm Əbilov, Tahir Seyidov, Məlahət Həsənova, Mehriban Hüseynova, Sunay Heydərova, Əli Rüzgar, Raziyyə Musayeva, Nazilə Rzayeva və digər aktyorlar ifa ediblər.
Səhnə əsəri tamaşaçılar tərəfindən maraq və rəğbətlə qarşılanıb.
