Ümummilli Lider qətiyyətlə deyirdi ki, “Nə burada, nə də Azərbaycandan kənarda heç kəs narahat olmasın; Azərbaycan demokratiya yolu ilə gedir və gedəcəkdir”. Demokratik, müstəqil Azərbaycan dövlətinin bərqərar olmasını xalqımızın həm iqtisadi, həm də mənəvi qələbəsi sayan Ulu Öndər ölkəmizdə dövlətçilik ənənələrinin zənginləşdirilməsində, müstəqilliyimizin daha da möhkəmləndirilməsində, onun əbədiliyinin və dönməzliyinin təmin olunmasında hər birimizin məsuliyyət daşımasını vurğulayır, Azərbaycanın müstəqillik kimi bir sərvətini xalqımız üçün böyük nailiyyət hesab edir, həyatının ən çətin anlarında, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqa arxalandığını deyirdi.
Bu yolda Ümummilli Liderimizin böyük ehtiram göstərdiyi milli-mənəvi dəyərlərimiz ən qiymətli qaynaqlar olub. Öz dəyərini bu gün də saxlayan bu sərvətlər min illərin sınağından çıxıb.
“Bizim milli dəyərlərimiz əsrlərboyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”, – deyən Ümummilli Lider həmişə onu da vurğulayırdı ki, öz milli dəyərlərimizi unutmamalı, onu yaşatmalı, bu dəyərlərdən bəhrələnməli, ruhlanmalı, bu yolu tutmalıyıq. Gənclərə daim qayğı göstərən, onların dövlətçiliyimizə, müstəqilliyimizə məhəbbət ruhunda formalaşdırılmasını diqqətdə saxlayan, həyatı, bütün siyasi fəaliyyəti dövründə ancaq xalq üçün, insanlar üçün düşünən, xalq və insanlar üçün yaşayan, həyatının məqsədi Azərbaycan, Azərbaycan xalqı, Azərbaycan Respublikası, Azərbaycan vətəndaşı olan Ulu Öndər gənclərlə tez-tez görüşür, onlara tövsiyə edirdi ki, hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək həyat yolu kimi qəbul etməlidir.
Bu gün ölkəmizdə alternativi olmayan bu doğru yol diyarımızı inkişaf və tərəqqinin yeni müstəvisinə gətirib çıxarıb. Kiçik dövlət sayılan ailədə, uşaq bağçasında, orta məktəbdə, ali təhsil müəssisələrində bu yola sadiqlik yüksək səviyyədə formalaşdırılıb, haqq-ədalət yolunun uca zirvələr fəth etməyin ən düzgün yolu olduğu artıq sübuta yetirilib. Bu gün hər bir azərbaycanlının dövlətə və dövlətçiliyə sədaqəti doğru yolda olmasının ifadəsidir. Dövlətə və dövlətçiliyə sədaqəti isə insanların həyat səviyyəsində, yaşayışında bütün çalarları ilə görmək olar. Doğru yol insanların qurub-yaratmaq əzmini günü-gündən yüksəldir, gənclərin, yeniyetmələrin doğma torpağa, xalqa, Vətənə bağlılığını, onun taleyinə cavabdehlik hisslərini gücləndirir, ən qiymətli sərvət olan müstəqilliyimizi qorumağa, onu daha da möhkəmləndirməyə çağırır.
Dövlət müstəqilliyinin ilk illərində gənclərin enerji və potensialını milli maraqların müdafiəsinə səfərbər edən Ümummilli Lider Heydər Əliyev bununla onların vətənpərvər ruhunda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ulu Öndər ölkə gəncləri qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi.
Prezident cənab İlham Əliyev isə 2003-cü ildən başlayaraq dövlət gənclər siyasətinin inkişaf istiqamətlərini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı. 2013-cü ildə respublikada ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edildi. Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndikdən sonra gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Vətən müharibəsində də əsas missiyanı məhz Ali Baş Komandan cənab İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Dövlət başçısının da dediyi kimi: “Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar”.
Vətənə bağlılıq, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Qürur duyuruq ki, yetişən gənclik ölkəmizin çox böyük çətinliklərdən keçdiyini, bu çətinlikləri dəf edərkən güclü maneələrlə qarşılaşdığını və qələbə qazandığını, bütün düşmənlərinə layiqli cavablar verdiyini, bununla bərpa etdiyimiz dövlət müstəqilliyini qoruduğunu, Azərbaycanın parçalanmaq təhlükəsindən xilas edilməsini yaxşı bilir. Yaşanılmış tarix gənclərimiz üçün ən qiymətli həyat dərsidir.
Bu gün uşaq bağçalarından tutmuş ali məktəblərimizə qədər şərəfli tariximiz ciddi şəkildə təbliğ olunur. Dövlətimiz onlara bunun üçün də hərtərəfli şərait yaradıb. Bu sırada muzeylərimizin rolunu da xüsusi qeyd etməliyik. Elə dövlət başçısının daim diqqət və qayğısı ilə əhatə olunmuş doğma muxtar respublikamızda da bunu görmək çətin deyil. Gənclərin müxtəlif sahələri əhatə edən muzeylərimizə ekskursiyaları, belə mədəniyyət müəssisələrində tariximizin dərin qatlarından soraq verən eksponatlarla tanışlıqları onların dövlətimizə, dövlətçiliyimizə, müstəqilliyimizə sədaqət ruhunda tərbiyəsində mühüm rol oynayır. Burada bir məsələni də vurğulamaq lazımdır. Bu, gənclərimizin, ilk növbədə, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində görülən işlərdir ki, onun da bəhrələri hamımızı ürəkdən sevindirir. Ona görə ki, gələcəyimiz etibar olunacaq gəncliyimiz zamanın və məkanın diktə etdiyi reallıqların fövqündədirlər. Onlar qarşılarında qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün böyük məsuliyyət daşıdıqlarını da yaxşı dərk edirlər.
Çalışdığım “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi də öz fəaliyyətini bu istiqamətdə qurub. Məqsəd də aydındır. Cəmiyyətimizin aparıcı qüvvəsi olan gəncliyimiz adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin, şərəfli tariximizin müqəddəs ideallarımızın gələcəyə sədaqətli daşıyıcıları kimi formalaşdırılsın.
Jalə MİRZƏYEVA
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında
Muzey Kompleksinin bələdçisi