Oktyabrın 27-də Türkiyə Respublikasının Çorum şəhər bələdiyyəsinin Sənət Qalereyasında Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin Ulu öndər Heydər Əliyevin anadan olmasının, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə və Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyinin 20-ci ildönümünə həsr olunmuş “Türkiyə-Azərbaycan qardaşlıq sərgisi”sinin açılış mərasimi keçirilib.
Sərgidə 40 rəssamın 100 əsəri türkiyəli sənətsevərlərə nümayiş olunub.
Sərginin açılış mərasimində tədbirin təşkilatçısı, Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin üzvü Nilgün Ayşecik Çevik, Birliyin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Naxçıvan Müəllimlər İnstitutunun incəsənət fakültəsinin kafedra müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov, Çorum Bələdiyyəsinin sədri Halil İbrahim Aşqın çıxış edərək Türkiyə ilə Azərbaycanın tarixən mövcud olan dostluq, qardaşlıq əlaqələrindən danışıblar.
Sərgidə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərləri - Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədlinin, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədovanın və Naxçıvan şəhər 3 nömrəli Mədəniyyət Evinin direktoru Səriyyə Hüseynovanın əsərləri də yer alıb.
Sərgi üç gün davam edəcək.
Naxçıvan Muxtar Respublikasının
Mədəniyyət Nazirliyinin mətbuat xidməti
28.10.2023