Fevralın 13-də Şahbuz Rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş "Ulu yurdum-Naxçıvanım” adlı tədbir keçirilib. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, bütövlüyü, suverenliyi uğrunda canlarından keçən vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əliyev zəngin tarixə, mədəniyyətə malik olan Naxçıvanın ölkəmizin ayrılmaz tərkib hissəsi olduğunu bildirib.Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamı Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir.
Vurğulanıb ki, Ölkə başçısı ötən dövr ərzində ölkəmizin, o cümlədən Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişaf etdirilməsini daim diqqətdə saxlayıb, regionda təhsilin, səhiyyənin, elm və mədəniyyətin, iqtisadiyyatın inkişafına, tərəqqisinə həssaslıqla yanaşıb. Öz inkişafının zirvəsini yaşayan Naxçıvan bu gün Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına öz layiqli töhfəsini verir.
Tədbir Şahbuz rayon və Kolanı kənd uşaq musiqi məktəblərinin şagirdlərinin hazırladıqları konsert proqramı ilə davam edib.