15 yanvar 2025-ci il tarixdə A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Ümumdünya Uşaq İxtirası Günü” ilə əlaqədar bacarıqlı uşaqların əl işlərindən ibarət tədbir-sərgi keçirilib.
Tədbiri əvvəlcə kitabxananın direktoru Ruzi Süleymanov açaraq qeyd etdi ki, bu günün təsis edilməsi, uşaqların elmi və texnoloji sahələrə olan marağını artırmaq və onları bu sahələrdə gələcək ixtiraçılar və yenilikçilər kimi inkişaf etdirmək məqsədinə xidmət edir.
Kitabxananın Komplektləşdirmə, kataloqlaşdırma və kitabişləmə şöbəsinin böyük kitabxanaçısı Tərlan Məsumlu “Uşaqların maraq dünyası - Uşaq İxtirası Günü” adlı məruzə ilə çıxış edərək bildirmişdir ki, uşaqların maraq dünyası təbii, geniş və sonsuzdur. Maraqlar, uşaqların yalnız öyrənmə prosesini deyil, həmdə onların həyatındakı münasibətlərinə , sosial davranışlarına və dünyaya baxışlarına təsir edir.
Heydər Əliyev adına Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin metodisti Hümbətova Gülsüm “Gənc ixtiraçılarımız ” mövzusunda çıxış edərək bildirib ki, “Ümumdünya Uşaq İxtirası Günü” uşaqların ixtiraçılıq və elmi düşüncə bacarıqlarını inkişaf etdirmək, onların yaradıcı potensialını təşviq etmək məqsədilə qeyd olunur. Bu gün, onların yeni ideyalar yaratmalarına və mövcud problemlərə yaradıcı həllər tapmalarına şərait yaradır.
Sonda uşaqların səsləndirdiyi şeirlər dinlənildi və bacarıqlı uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirildi.