“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konsititusiyasının müəllifidir” mövzusunda konfrans keçirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konsititusiyasının müəllifidir” mövzusunda konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Heydər Əliyev Muzeyində keçirilən konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov açaraq qeyd edib ki, Ulu öndərin müəllifi olduğu Konstitusiyanın qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsini əks etdirən hadisə idi. Bununla ölkəmizin və xalqımızın dövlətçilik tarixinə yeni bir səhifə yazıldı, dahi rəhbər Heydər Əliyevin uzunmüddətli gərgin əməyinin məhsulu olan Konstitusiya öz demokratikliyi, humanistliyi ilə seçilərək ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi və müstəqil dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratdı və xalqımızın dünya arenasında layiqli yer tutmaq istəyini nümayiş etdirdi.
Tədbirdə çıxış edənlər - Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, Naxçıvan Muxtar Respublisı Prokurorluğunun şöbə müdiri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının böyük məsləhətçisi Nuranə Kərimova, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev qeyd ediblər ki, ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında Konstitusiyada təsbit edilən fundamental hüquq və azadlıqlar, həmçinin əhalinin müxtəlif sosial qruplarının hüquqlarının daha səmərəli təmin olunması və müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir, onların hüquq bərabərliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.
Sonra Faiq Səfərov tərəfindən müəllifin “Ədalətin Təntənəsi” adlı kitabı muzeyə hədiyyə olunub.
“AzerGold” QSC tərəfindən Ulu Öndərin 100 illik yubileyi münasibətilə istehsal olunan “Yüz il və onun fövqündə bir irs” adlı moneta muzeyə təqdim edilib.
Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.