Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib.

Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda ustad tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) skripka ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas – 1953-cü ildə skripka (Aleksandr Amitonun sinfi), 1957-ci ildə bəstəkarlıq ixtisasları üzrə (Qara Qarayevin sinfi) bitirib.

Tofiq Bakıxanov tələbəlik illərindən ifaçılıq fəaliyyəti ilə məşğul olub. Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan Radiosunun simfonik orkestrində solist kimi fəaliyyət göstərib.

Zəngin yaradıcılığa malik bəstəkar üç balet ("Xəzər balladası", "Şərq poeması", "Xeyir və Şər"), beş simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Hümayun", "Dügah"), 8 simfoniya, 100-ə qədər mahnı və romans ərsəyə gətirib. Həmkarı Nəriman Məmmədovla birlikdə üç komediyaya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir") musiqi yazıb. Bəstəkar həmçinin skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün 20-dən artıq sonatanın, trio, kvartet və kvintetlərin, eləcə də müxtəlif alətlərlə simfonik orkestr üçün 26 konsertin müəllifidir.

Professor Tofiq Bakıxanov, eyni zamanda, yarım əsrdən çox Bakı Musiqi Akademiyasında pedaqoq kimi çalışıb, yeni musiqiçi nəsillərin yetişdirilməsinə öz töhfəsini verib.

Yaradıcı fəaliyyətində bəstəkarlıqla ifaçılığı ahəngdar şəkildə birləşdirən görkəmli musiqi xadimi Fransa və Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq festivallarda iştirak edib, Türkiyə, İran, Bolqarıstan, Gürcüstan və Rusiyada müəllif konsertləri verib.

Tofiq Bakıxanovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, respublikanın “Əməkdar incəsənət xadimi” (1973), “Xalq artisti” (1990) fəxri adlarına, "Şöhrət" (2000), "Şərəf" (2021) və 1-ci dərəcəli “Əmək” (2025) ordenlərinə layiq görülüb. Sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.