Xalq şairi Məmməd Arazın anadan olmasının 92-ci il dönümü münasibətilə tədbir keçirilib
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əzizə Süleymanova bildirib ki, Xalq şairi Məmməd Araz çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və mövqeyi olan söz ustasıdır. Dahi şairinin yaradıcıllığının bütün dövrlərdə aktual oldugu, dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirildiyi, gələcək nəsillərə nümunə olan şairin ölməz irsinin öz əhəmiyyətini heç bir dövrdə itirmədiyi qeyd edilib.
Nursu kənd tam orta məktəbinin direktoru Samirə Hümbətova çıxış edərək diqqətə çatdırıb ki, ana dilimiz bütün zənginliyi, dərinliyi, əlvanlığı ilə məhz onun yaradıcılığında vətəndaşlıq məhəbbəti qazanıb. Onun vətən duyğulu şeirləri poeziyamızda özünəməxsus yer tutur.
Sonra Nursu kənd tam orta məktəbinin müəllimləri Elvin İbrahimov və Qadir İbrahimovun çıxışları dinlənilib. Çıxışlarda qeyd olunub ki, Naxçıvan Muxtar Respulikasında Xalq şairi Məmməd Arazın yaradıcılığına daim yüksək qiymət verilir. Vurğulanıb ki, Xalq şairi Məmməd Araz müasir dövr Azərbaycan lirikasının poetik zirvəsini fəth edən və bu zirvədə əbədi yaşamaq haqqı qazanan qüdrətli şair, publisist, filosof və sözün həqiqi mənasında layiqli vətəndaşdır.
Tədbirin bədii hissəsində Nursu kənd orta məktəbinin şagirdlərinin ifasında şairin şeirləri qiraət olunub.
Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.