“Ümummilli lider Heydər Əliyevin böyüklüyü, həm də onda idi ki, O, xalqının tarixinə, mədəniyyətinə, ədəbiyyatına, klassik irsinə böyük diqqət və həssaslıqla yanaşırdı. Dahi rəhbər xalqımızın gələcəyini, azadlıq arzularını dərindən duyur və onun gerçəkləşməsi üçün yorulmadan çalışırdı.”
Bu fikirlər dekabrın 11-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə mədəniyyət nazirinin müavini Həsən Seyidov tərəfindən səsləndirilib.
Heydər Əliyev Muzeyində baş tutan tədbir dahi liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mədəniyyət nazirinin müavini Həsən Seyidov giriş nitqində Ulu öndərin keçdiyi məsuliyyətli və şərəfli yolun, apardığı mübarizənin, qazandığı nailiyyətlərin hər birimiz üçün qürur mənbəyi, məktəb olduğundan bəhs edib, Əbədiyaşar liderin mədəniyyətimizin inkişafı sahəsində müstəsna xidmətlərindən danışıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərin yoluna, onun ideyalarına sadiqlik nümayiş etirərək müstəqil dövlətimizi tarixinin ən qüdrətli dövrünə, xalqımızı ən böyük qələbəyə yetirdi. Vətən müharibəsində möhtəşəm qələbəyə imza atan Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qələbədən-qələbəyə inamla addımlayır.
Tədbir Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyevin “Ümummilli lider Heydər Əliyev və qalib Azərbaycan” mövzusunda çıxışı ilə davam edib. Vurğulanıb ki, fenomenal şəxsiyyət harada, hansı vəzifədə çalışmasından asılı olmayaraq hər zaman milli maraqları üstün tutur, SSRİ dövründə gələcəyin müstəqil dövlətinin təməlini yaradırdı.
Sonra tədbir iştirakçıları dünya şöhrətli siyasətçinin xalqımız və dövlətçiliyimiz qarşısındakı müstəsna xidmətlərinən bəhs edən “Xalqa bağışlanan ömür” filmini izləyiblər.
Anım tədbiri muzeyin ekzpozisiyasına baxışla sona çatıb.