Yusif Məmmədəliyevin Ordubaddakı abidəsinin bərpadan sonra açılışı olub
Dekabrın 5-də görkəmli alim və ictimai xadim, Azərbaycan Respublikası Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibəti ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü Sevda Məmmədəliyeva və digər tədbir iştirakçıları görkəmli alimin doğulub böyüdüyü Ordubad şəhərinə səfər ediblər. Qonaqlar akademik Yusif Məmmədəliyevin Ordubad şəhərindəki abidəsinin bərpadan sonra açılışında iştirak edib, önünə tər güllər düzüblər.
Sonra Yusif Məmmədəliyevin Ordubad şəhərindəki ev-muzeyi ziyarət edilib. Qonaqlara dünya şöhrətli kimyaçı alimin həyat və fəaliyyətini əks etdirən fotolar, şəxsi əşyalar, elmi yaradıcılıq nümunələri və digər dəyərli eksponatlar barədə məlumat verilib.
Əməkdar incəsənət xadimi, professor Sevda Məmmədəliyeva atası ilə bağlı xatirələrini bölüşüb.