Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti-1.

Xalqımızın incəsənət, mədəniyyət sahəsindəki nailiyyətləri vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir.

Heydər Əliyev

Naxçıvan mühiti Şərq mədəniyyətini Qərb mədəniyyəti ilə bağlamaqla, bunun sintezini yaratmaqda böyük rol oynamışdır.

Heydər Əliyev

Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.

Heydər Əliyev

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə inkişaf edəcəkdir.

Heydər Əliyev

Azərbaycan mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır.

Heydər Əliyev

Xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.

Heydər Əliyev

Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir.

Heydər Əliyev

Naxçıvanın böyük və zəngin tarixi vardır. Bu tarixin dünya mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur.

Heydər Əliyev

Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür.

Heydər Əliyev

Xalqımızın milli mədəniyyəti bu günümüzə dözümlülüklə çatdırılmışdır. Bu mədəniyyət başqa xalqlara göstərir ki, o içinə qapılmış, özünü dünyadan tədric etmiş xalqın yox, dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur.

Heydər Əliyev

Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

Heydər Əliyev

Naxçıvan Muxtar Respublİkasının Mədənİyyət Nazİrlİyİ tərəfİndən 2023-cü İlİn yanvar ayı ərzİndə görülmüş İşlərə daİr ARAYIŞ

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2023-cü ilin yanvar ayında öz fəaliyyətini Nazirliyin iş planına uyğun qurmuş, müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmişdir.

1 yanvar tarixdə Naxçıvan şəhərinin mərkəzi meydanında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə  keçirilən bayram şənliyində Naxçıvan Dövlət Filarmoniyası konsert proqramı ilə çıxış etmiş, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı H.X.Andersenin “Qar Kraliçası” əsəri əsasında hazırlanmış tamaşanı nümayiş etdirmişdir.

13 yanvar tarixdə Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 25-ci ildönümü qeyd edilmişdir.

21 yanvar tarixdə Bəhruz Kəngərli Muzeyində Bəhruz Kəngərlinin anadan olmasının 131-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı iş aparılmışdır. Belə ki, Şərur Rayon Mədəniyyət İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Şərur Rayon Mədəniyyət Sarayında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilmiş, tədbirdə Şərur Rayon Mədəniyyət Sarayının “Arpaçay” instrumental ansamblı konsert proqramı ilə çıxış etmişdir. A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 25-26 yanvar tarixlərində Naxçıvan şəhər ümumtəhsil məktəblərində “Heydər Əliyev və uşaq ədəbiyyatı” mövzusunda mühazirələr oxunmuşdur. “Heydər Əliyev ili” ilə bağlı yanvar ayı ərzində ümumilikdə, 12 tədbir olmuşdur.

Hesabat dövründə dövlət teatrları tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında ay ərzində stasionarda 4-ü xeyriyyə, 1-i bilet satışı ilə olmaqla 5 tamaşa nümayiş etdirilmişdir. Bunlardan V.Səmədoğlunun “Mamoy kişinin yuxuları” 3 dəfə, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsəri əsasında hazırlanan tamaşa isə 2 dəfə nümayiş etdirilmişdir. Həmçinin, ay ərzində Elçinin “Şekspir” əsəri əsasında hazırlanan tamaşanın məşqləri davam etdirilmişdir.

Naxçıvan Dövlət Kukla Teatrında yanvar ayı ərzində 1-i xeyriyyə, 18-i bilet satışı ilə olmaqla ümumilikdə, 19 tamaşa nümayiş etdirilmişdir. Həmçinin, B.İsgəndərlinin “Yalanlara inanmayın” tamaşasının məşqləri aparılmışdır.

Naxçıvan Dövlət Uşaq Teatrında yeni il bayramı günlərində 8 dəfə olmaqla, N.Nəzərovanın “Mavi işıq” və Qrimm qardaşlarının “Bremen musiqiçiləri” tamaşaları nümayiş etdirilmişdir.

01 yanvar tarixdə Naxçıvan şəhərinin mərkəzi meydanında “Yeni il” şənliyi münasibəti ilə Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin xeyriyyə konserti keçirilmişdir. Qeyd olunanlarla yanaşı kollektivlərin yeni repertuarlarının, həmçinin “2 Fevral – Gənclər Günü” münasibətilə təqdim ediləcək konsertin məşqləri aparılmışdır

Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, lazımi əməli və metodiki köməklik göstərilmişdir. Muxtar respublika sakinlərinin, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinin muzeylərlə tanışlığı zamanı onlara nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.

Muzeylərlə təhsil müəssisələri arasında elektron təhsilin təşkili ilə bağlı iş aparılmış, aid təşkilatlarla birgə 18 yanvar tarixdə Bəhruz Kəngərli Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında görkəmli rəssamın anadan olmasının 131-ci ildönümü münasibətilə “Bəhruz Kəngərli-131”, 19 yanvar tarixdə isə Xatirə Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar interaktiv dərslər keçirilmişdir. İnteraktiv dərslər muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbi tərəfindən izlənilmişdir.

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq  Səma Altında Muzey Kompleksi, Naxçıvan Dövlət Rəsm Qalereyası və rayon tarix-diyarşünaslıq muzeylərində “20 Yanvar” faciəsinin 32-ci ildönümünə həsr olunmuş 6 tədbir keçirilmiş, 7 sərgi qurulmuş, açıq dərslər keçirilmişdir.

Muzeylərdə ziyarətçilərə tariximizlə bağlı məlumatların çatdırılması, eləcə də eksponatların qorunması haqqında maarifləndirici söhbətlər aparılması, sakinlərlə muzey əməkdaşlarının görüşlərinin keçirilməsi diqqətdə saxlanılmış, ay ərzində Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi Çomaxtur, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi Daylaqlı, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi Nehrəm qəsəbə mərkəzlərində olmaqla, ümumilikdə muzey əməkdaşlarının sakinlərlə 3 görüşü təşkil olunmuşdur.

Ay ərzində muzeylərdə Nazirlik tərəfindən 2, muzeylər tərəfindən 9 tədbir keçirilmiş, 8 sərgi qurulmuşdur.

Təhsil və Mədəniyyət nazirliklərinin birgə qrafikinə əsasən 16 yanvar tarixdə Xatirə Muzeyində Naxçıvan Şəhər Kimya-Biologiya təmayüllü lisey və 11, 12, 13, 16 nömrəli tam orta məktəblərin şagirdlərinə “20 Yanvar – Azərbaycan xalqı üçün unudulmaz tarixdir”, 26 yanvar tarixdə Cəlil Məmmədquluzadənin Ev Muzeyində 7, 14, 15 və 16 nömrəli tam orta məktəblərin şagirdlərinə “Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı – Cəlil Məmmədquluzadə” mövzularında olmaqla 2 açıq dərs keçirilmişdir. Muzeylərlə təhsil idarə və şöbələri arasında 2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə açıq dərslərin keçirilməsi ilə əlaqədar təsdiq olunmuş qrafiklərə uyğun olaraq profil üzrə əlamətdar və tarixi günlər, görkəmli şəxsiyyətlər, tarix və mədəniyyətimizlə bağlı müxtəlif mövzularda 33 açıq dərs və 28 mühazirə keçirilmişdir.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərin fondlarında təkrar uçotun aparılması və muzey sərvətlərinin elektron məlumat bazasının yaradılması barədə” Nazirliyin 18 iyun 2021-ci il tarixli 137 nömrəli əmrinin icrası ilə bağlı iş davam etdirilmişdir.

Muzeylər tərəfindən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər mövzularda, ümumilikdə 190 məlumat xarakterli material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.

Dövr ərzində muzeylər tərəfindən ümumilikdə, İnstagram səhifələrində 268, Facebook səhifələrində 259 paylaşım edilmişdir. Muzeylərin sosial şəbəkə hesablarının ümumi izləyicilərinin sayı İnstagram hesablarında 31 min 937, Facebook hesablarında isə 53 min 308 olmuşdur.

Hesabat dövrü ərzində muzeyləri 15 min 822 nəfər yerli, 1 min 48 nəfər əcnəbi olmaqla, ümumilikdə 16 min 870 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 46 yeni, 1 min 538 fondun yerdəyişməsi yolu ilə olmaqla, ümumilikdə 1 min 584 eksponat daxil olmuşdur.

Hesabat dövründə kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) mərkəzləşdirilmiş kitabxana sistemlərində bir sıra tədbirlər keçirilmişdir.

Ay ərzində kitab müzakirələrinin keçirilməsi diqqətdə saxlanılmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 8 kitab müzakirəsi keçirilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən “20 Yanvar – Ümumxalq Hüzn Günü” münasibətilə “20 yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir” adlı tədbir və oxucuların Xatirə Muzeyinə ekskursiyası, şair Q.Təbrizinin 455, şair, dramaturq, publisist A.Babayevin 98, rus şair və yazıçı A.N.Tolstoyun 140, maarifçi, ziyalı H.Cavanşirin 150, ədəbiyyatşünas F.Köçərlinin 160  illiyi və s. münasibətilə tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir.

Ay ərzində kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı 36 tədbir keçirilmiş, 64 sərgi qurulmuşdur.

“Mütaliə Günü” ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Mütaliə mədəniyyətinin formalaşması gənclərin mənəvi tərbiyəsinə və nitq qabiliyyətinin inkişafına müsbət təsir edir” mövzusunda tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə şair Vüsal Səmavinin “Bu dünya bir nağıldı” kitabının müzakirəsi keçirilmişdir. “Mütaliə Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

“Kitabxana Günü” münasibətilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən şair Qövsi Təbrizinin anadan olmasının 455 illiyi münasibətilə tədbir, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən isə şair, dramaturq, publisist A.Babayevin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar şairin “Təzədən doğulur şair ölən gün” kitabının oxucularla müzakirəsi keçirilmişdir. “Kitabxana Günü” ilə bağlı rayon (şəhər) MKS-lər də daxil olmaqla, ümumilikdə 10 tədbir təşkil edilmişdir.

Yanvar ayında “Nağıl Günü” ilə bağlı A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 35 tədbir keçirilmişdir.

Ay ərzində A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 və MKS-lərin uşaq kitabxanaları və şöbələri tərəfindən 23 nəfər olmaqla, ümumilikdə, sağlamlıq imkanı məhdud 24 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Hesabat dövründə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən 2 adda 16, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən 1 adda 8 metodiki məktub hazırlanaraq MKS-lərə göndərilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar materialların hazırlanması,  paylaşımların edilməsi diqqət mərkəzində saxlanılmışdır. Ay ərzində 62 material hazırlanmış, sosial şəbəkə hesablarında 214 paylaşım edilmişdir. İzləyici sayı İnstagram səhifələrində 9 min 766, Facebook səhifələrində 17 min 706 olmuşdur.

Yanvar ayında Nazirliyə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından 6 adda 100 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Hesabat dövründə kitabxanalara rayon (şəhər) MKS-lər də daxil olmaqla, 105 adda 123 nüsxə çap məhsulu daxil olmuşdur.

Ay ərzində kitabxanalarda yeni oxucu sayı 2 min 188, oxucu gəlişi 6 min 866, kitab verilişi isə 32 min 776 nüsxə olmuşdur.

Dövr ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqa 33 adda kitab işlənmiş, ümumilikdə, elektron kataloqda kitabların sayı 35 min 7-dən 35 min 40-a çatdırılmışdır.

Şəbəkəyə 50 kitab (PDF) işlənmiş və ümumi sayı 4 min 208-dən 4 min 258-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxananın lokal şəbəkəsindən 312 oxucu istifadə etmişdir. İnternetin sürətinin zəif olması ilə əlaqədar elektron kitabxanadan istifadə mümkün olmamışdır.

Dövr ərzində kitabxanalarda ümumilikdə, 104 tədbir keçirilmişdir.

Yanvar ayında klub müəssisələrinin fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərinin təbliği və yaşadılması istiqamətində iş aparılmış, tədbirlər keçirilmiş, sərgilər qurulmuşdur.

Ay ərzində Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz, rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən “20 Yanvar – Ümumxalq Hüzn Günü” münasibətilə müxtəlif tədbirlər keçirilmişdir. Ay ərzində əlamətdar və tarixi günlər, yubileylərlə bağlı 23 tədbir keçirilmiş, 12 sərgi qurulmuşdur.

Dövr ərzində Heydər Əliyev Sarayı tərəfindən Arif Məlikovun yaradıcılığına və 20 yanvar faciəsinə dair 2 adda 16 metodik məktub hazırlanaraq rayon (şəhər) mədəniyyət idarə və şöbələrinə göndərilmişdir.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə  bağlı Mədəniyyət Üzrə Elmi-Metodik Mərkəz tərəfindən “Milli dəyərlərimiz bizim qədim keçmişimizdir” adlı tədbir, Babək Rayon Mədəniyyət Sarayı tərəfindən isə “Heydər Əliyev mədəniyyətimizin hamisidir” adlı intellektual oyun keçirilmişdir.

Hesabat dövründə rayon (şəhər) mədəniyyət idarə və şöbələri, həmçinin rayon mədəniyyət sarayları tərəfindən sosial şəbəkələrdə 81 paylaşım edilmişdir. Facebook sosial şəbəkəsində 34 paylaşım edilmiş, 6 min 522 izləyici sayı olmuşdur. İnstagram səhifələrində edilən 47 paylaşımın 6 min 266 izləyicisi olmuşdur.

Dövr ərzində Elmi-Metodik Mərkəz tərəfindən Şahtaxtı Kənd Mədəniyyət Evində “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş “20 Yanvar – Qan yaddaşı” adlı tədbir keçrilmişdir.

Yanvar ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 8 paylaşım edilmişdir. Mərkəzin İnstagram izləyicilərinin sayı 995, Facebook izləyicilərinin sayı isə 965 olmuşdur.

Hesabat dövrü ərzində Elmi-Metodik Mərkəz və klub müəssisələrində 26 tədbir keçirilmişdir.

Şərur Rayon Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən klub və mədəniyyət evlərinin əməkdaşlarının iştirakı ilə hazırlanan “Vətən Sevgisi” adlı tamaşa 17 yanvarda Şərur Rayon Mədəniyyət Sarayında rayon ictimaiyyətinə, 19 yanvarda isə Naxçıvan Dövlət Milli Dram Teatrında şəhid ailələri və qazilərə təqdim edilib.

Nazirliyin nəzdində fəaliyyət göstərən “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə muxtar respublika sənətkarları ilə suvenirlərin və hədiyyəlik xatirə əşyalarının hazırlanması məqsədilə bağlanmış müqavilələrə əsasən ay ərzində 655 manatlıq 10 adda 44 ədəd iş satılmışdır.

Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti ay ərzində diqqət mərkəzində saxlanılmış, görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatlar hazırlanaraq sosial şəbəkələrdə paylaşımlar edilmişdir.

Naxçıvan Dövlət Film Fondu Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına 13 və 27 yanvar tarixlərində “Dolu” və “Hədəf Bakıdır” filmlərinin nümayişini təşkil etmişdir.

13 yanvar 2023-cü il tarixdə Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 25-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə Naxçıvan Dövlət Film Fondu “Azərbaycan xalçaları” filminin nümayişini təşkil etmişdir.

Ay ərzində  Naxçıvan Dövlət Film Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvlərinə film nümayişi keçirilmiş, Culfa rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Sinematoqraf” kinoviktorinasının seçim turu olmuş, Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri üçün 3-ü məktəblilərin qış tətili günlərində olmaqla 4 film nümayişi təşkil edilmişdir. Həmçinin Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinə “Bir qalanın sirri” bədii filmi göstərilmişdir.

Film Fond tərəfindən yanvar ayı ərzində Hərbi Liseyin kursantları üçün 2 film, ümumtəhsil məktəblərinin şagirdləri üçün 4 film, gənclər təşkilatının üzvləri üçün 1film və digər tədbirlərdə isə 2 film olmaqla, ümumilikdə 9 film nümayiş olunmuşdur. Həmçinin, sosial şəbəkə hesablarında paylaşılması üçün 130 material hazırlanmış,  260 paylaşım edilmiş, 1649 izləyici sayı olmuşdur.

Ay ərzində filmlərin nömrələnməsi, pasportlarının yenilənməsi və lentlərin təmizlənməsi işləri davam etdirilmişdir.

Ay ərzində gənclərlə iş sahəsi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 13 yanvar tarixdə Nazirliyin Gənclər Təşkilatının üzvlərinin iştirakı ilə “Gənclik, mədəniyyət, musiqi” adlı diskussiya keçirilmiş, 19 yanvar tarixdə Naxçıvan Dövlət Film Fondunda Gənclər Təşkilatının üzvləri üçün “20 Yanvar – Ümumxalq Hüzn Günü” münasibəti ilə film nümayişi təşkil etdirilmişdir.

Nazirliyin medeniyyet.nakhchivan.az rəsmi internet səhifəsinin fəaliyyəti diqqətdə saxlanılmış, mütəmadi olaraq məlumatlar yenilənmişdir. Ay ərzində səhifəyə 14 xəbər, 8 məqalə olmaqla, ümumilikdə 22 material işlənmişdir.

Nazirliyin “Youtube” kanalının izləyici sayı 3 min 420, görüntüləmə sayı 472 min 957 olmuşdur.

Ay ərzində Nazirliyin İnstagram və Facebook hesablarında audio və videomateriallar, slaydlar, məlumat xarakterli materiallar və s. yerləşdirilmişdir. Yanvar ayında Nazirliyin Facebook səhifəsinin ümumi izləyicilərinin sayı 1 min 290-a çatmış, 40 paylaşım edilmişdir.

O cümlədən, Nazirliyin “nax_mr_mn” adlı İnstagram səhifəsinin izləyicilərinin ümumi sayı 6 min 820 olmuş, səhifədə 44 paylaşım edilmişdir. “naxcivan_muzeyleri” İnstagram səhifəsində ay ərzində 13 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı isə 895 nəfər olmuşdur.

Ay ərzində Nazirliyin və tabeliyində olan müəssisələrin əməkdaşlarının ölkədə və muxtar respublikada fəaliyyət göstərən KİV ilə əlaqələri davam etdirilmişdir. Belə ki, “Şərq qapısı” qəzetində 3, şəhər və rayon qəzetlərində 3 material dərc olunmuş, “Nuhçıxan” İnformasiya Agentliyinin saytında 4, digər informasiya agentliklərində 5 məqalə yerləşdirilmişdir.

“İki sahil” qəzetində 13 yanvar tarixdə Bəhruz Kəngərli Muzeyinin direktoru  Səbinə Əlincəlinin “Milli rəssamlığımızın fəxri Bəhruz Kəngərli”, 18 yanvar tarixdə Xatirə muzeyinin baş elmi işçisi Sevinc Səbzəliyevanın “Qərənfil şəhid qanı, ağla qərənfil ağla” sərlövhəli məqalələri, 14 yanvar tarixdə “Arazın səsi” qəzetində  “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyevin  “Nizami Gəncəvinin Leyli və Məcnun poemasında qələmə aldığı maraqlı faktlar” və “El həyatı”qəzetində Ordubad Şəhər Tarix-Memarlıq Qoruğunun elmi işçisi Rəsmiyyə Nağıyevanın “Azərbaycanın incisi-Ordubad” sərlövhəli məqalələri dərc olunmuşdur.

Ay ərzində Azərbaycan televiziyasında gedən verilişlərdə Nazirliyin əməkdaşlarından 1 nəfər, Naxçıvan televiziyası və radiosunda gedən verilişlərdə isə Nazirliyə tabe müəssisələrin əməkdaşlarından 2 nəfər müsahibə vermiş, Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin şagirdləri Naxçıvan televiziyasının “Mizrab” verilişində, Ərtoğrul Cavid adına Uşaq İncəsənət və Bədii Sənətkarlıq Məktəbinin şagirdləri “Günaydın” proqramında iştirak etmişlər. Naxçıvan Televiziyasında Nazirlik tərəfindən keçirilən tədbirlərlə bağlı 6 xəbər süjeti efirə verilmişdir.

Ay ərzində Nazirliyin medeniyyet.nakhchivan.az saytına məqalə və xəbərlərin yerləşdirilməsi, eyni zamanda sosial şəbəkə hesablarında paylaşımların edilməsi davam etdirilmişdir.

Nazirliyin Aparatının Kadr və ümumi işlər sektoru tərəfindən daxil olan sənədlərin qəbul edilməsi, qeydiyyata alınması, aidiyyəti üzrə bölüşdürülməsi, sənədlərin göndərilməsi, surətlərinin çoxaldılması işləri yanvar ayı ərzində də davam etdirilmişdir. Belə ki, yanvar ayı ərzində Nazirliyə 83-ü İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 250 ədəd sənəd daxil olmuş, müəssisə və təşkilatlara 68-i İdarələrarası Elektron Sənəd Dövriyyəsi ilə olmaqla 110 ədəd sənəd göndərilmişdir. Sənədlər müvafiq təlimatın tələblərinə uyğun olaraq qeydiyyat kitablarında qeydə alınmışdır. Vətəndaşların müraciətləri də  daim nəzarətdə saxlanılmış, Nazirliyin elektron poçt ünvanı da daxil olmaqla 125 nəfər vətəndaşın müraciəti cavablandırılmışdır.

Nazirlik tərəfindən kadrların seçilib yerləşdirilməsi sahəsində də işlər davam etdirilmişdir, Nazirliyin müəssisə və təşkilatlarına 11 nəfər işə qəbul edilmişdir.

Yanvar ayı ərzində Nazirliyin 1 kollegiya iclası keçirilmiş və 1 məsələ müzakirə edilmişdir.