
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən uşaq, musiqi və incəsənət məktəblərinə müəllim vəzifələri üzrə işə qəbul üçün müsabiqə elan edilir.
Müsabiqə müvafiq qaydalara uyğun olaraq test imtahanı və müsahibə mərhələsindən ibarət olmaqla keçiriləcək.
Müəllim vəzifələri üzrə müsabiqədə orta ixtisas və ya ali təhsilin müvafiq ixtisaslarını bitirmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən namizədlərin qeydiyyatı 8-23 iyul 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytı vasitəsilə aparılacaq. Test imtahanı 8 avqust 2026-cı il tarixində keçiriləcək.
Namizədlər DİM-in portalında “Şəxsi kabinet” yaratmalı və müvafiq onlayn qeydiyyat xidməti vasitəsilə müsabiqəyə müraciət etməlidirlər.
Müəllimlərin işə qəbulu üzrə test imtahanında namizədlərə 70 qapalı tipli test tapşırığı təqdim olunacaq. İmtahan 2 saat davam edəcək. Namizədlər işə qəbul qaydaları və ixtisaslar üzrə keçid balları ilə bağlı bu linkə, vakant yerlərlə bağlı isə bu linkə keçid edərək tanış ola bilərlər.
Test mərhələsində tələb olunan keçid balını toplamış namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Müsahibə mərhələsi ilə bağlı ətraflı məlumat test mərhələsi yekunlaşdıqdan sonra rəsmi informasiya resurslarında yerləşdiriləcəkdir.
Müsabiqə barədə ətraflı məlumat, ixtisas tələbləri, test proqramları və qeydiyyat qaydaları Dövlət İmtahan Mərkəzinin rəsmi informasiya resurslarında yerləşdirilmişdir.