Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə direktor və direktor müavini vəzifələrinə işə qəbul üçün müsabiqə elan edib. Müsabiqəyə sənəd qəbulu 29 dekabr 2023-cü il tarixdən 21 yanvar 2024-cü il tarixinədək həyata keçiriləcək.
Direktor vəzifəsinə işə qəbulun müsabiqəsində ali ixtisas təhsilli, ixtisası üzrə 5 ildən az olmayaraq müvafiq sahədə pedaqoji əmək stajı olan şəxslər, direktor müavini üzrə işə qəbulun müsabiqəsində isə ali ixtisas təhsilli və ya azı 3 il müvafiq sahədə pedaqoji iş stajına malik olan orta ixtisas təhsilli (kadr çatışmazlığı olduğu təqdirdə) şəxslər iştirak edə bilərlər.
Müsabiqə sənədlərin qəbulu, qabiliyyət imtahanı və müsahibədən ibarət olmaqla üç mərhələdə təşkil olunur.
Müsabiqədə iştirak edəcək namizədlər yuxarıda qeyd olunan tarixlərdə müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, dövlət nümunəli təhsil sənədinin (diplomun) surəti, əmək kitabçasının surəti (zərurət olarsa), 2 ədəd 3x4 ölçüdə fotoşəkil) Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə təqdim etməlidirlər.
İşə qəbul qaydaları və müsahibə proqramları nazirliyin nculture.gov.az saytının işə qəbul bölməsinə yerləşdirilib. Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində işə qəbul qaydaları ilə https://nculture.gov.az/direktoriseqebul2024 linki vasitəsilə , direktor və direktor müavini vəzifələrinin müsahibə proqramları ilə isə https://nculture.gov.az/muso2024direkritjnk linki ilə tanış ola bilərsiniz.